...

Azərbaycanın şifahi nitqində başqa dillərin təsiri özünü göstərir - millət vəkili

Cəmiyyət Materials 21 Fevral 2011 17:26 (UTC +04:00)
Azərbaycanın şifahi nitqində başqa dillərin təsiri özünü göstərir. Bunu Trend-ə bazar ertəsi filologiya elmləri doktoru, professor, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycanın şifahi nitqində başqa dillərin təsiri özünü göstərir - millət vəkili

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın şifahi nitqində başqa dillərin təsiri özünü göstərir. Bunu Trend-ə bazar ertəsi filologiya elmləri doktoru, professor, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

"Orta əsrlərdə Azərbaycan dilinə ərəb və fars dillərinin çox güclü təsiri olubsa, XIX əsrin sonu və XX əsrin əvvəllərindən Avropa mənşəli sözlər, xüsusilə də elmi terminologiya Azərbaycan dilinə daha çox daxil olmağa başlayıb", - Cəfərov deyib.

Onun sözlərinə görə. elmi terminologiya ictimai şüura da çox güclü təsir edir və populyarlaşır. "Bu gün müasir texnologiyanın inkişafı, qloballaşma, Azərbaycanın dünyaya inteqrasiyası ilə bağlı xeyli beynəlxalq terminlər Azərbaycan dilinə daxil olub", - o qeyd edib.

Filologiya elmləri doktoru həmçinin bildirib ki, "artıq", "əlbəttə", "müvəffəqiyyətlə", "uğurla" kimi sözlərin yeri bizim təfəkkürümüzdə kifayət qədər möhkəm olmadığı üçün ümumişlək rus sözləri dilimizə keçib.

"Beynəlxalq sözlərin bəzən qarşılığını tapmaq tendensiyası mövcud olur. Lakin bu o qədər də uğurlu alınmır və geniş istifadəyə çevrilmir. Amma bu gün texnologiyada gedən inkişaf vaxtı ilə məişət sözü kimi istifadə olunan "tıxac" kimi sözlərdə məna genişlənməsi yaradır", - Cəfərov qeyd edib.

Millət vəkili eyni zamanda keçmiş ənənələrin mənimsənilməsi ilə modern düşüncənin inkişaf etməsinin bu səviyyədə ana dilinin zəngin intellektual potensialının mövcudluğundan xəbər verdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dövlət dili haqqında ayrıca qanun qəbul olunub ki, bu da Azərbaycanda ana dilinin hüquqlarını xeyli genişləndirib.

"Azərbaycanda dilçilik tədqiqatları səviyyəsində də ana dili xüsusi nüfuza malikdir, yəni bu gün Azərbaycanda ana dilinin kifayət qədər mükəmməl qrammatikası hazırlanıb, orfoqrafiya, izahlı lüğətlər nəşr olunub", - Cəfərov qeyd edib.

YUNESKO 1999-cu il 21 fevral tarixini Beynəlxalq Ana Dili Günü kimi təsis edib. YUNESKO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var, lakin onların yarıdan çoxu məhv olmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti