...

Azərbaycan Mətbuat Şurası jurnalistika ixtisası üzrə qəbul imtahanında dəyişikliklər etməkdə israrlıdır (VİDEO)

Cəmiyyət Materials 2 Mart 2011 16:01 (UTC +04:00)
Azərbaycanda jurnalistika ixtisası almaq istəyən abituriyentlərdən qabiliyyət imtahanı götürülməlidir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.
Azərbaycan Mətbuat Şurası jurnalistika ixtisası üzrə qəbul imtahanında dəyişikliklər etməkdə israrlıdır (VİDEO)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda jurnalistika ixtisası almaq istəyən abituriyentlərdən qabiliyyət imtahanı götürülməlidir. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

"Mətbuat Şurası olaraq Azərbaycanın ali təhsil məktəblərinin jurnalistika fakültələrində monitorinq keçirmişik. Monitorinqin nəticələri bizi razı salmayıb. Çünki bu gün jurnalistika fakültəsində təhsil alan tələbələrin çoxu bu fakültəyə təsadüfən düşdüklərini deyirlər. Onların yarıdan çoxu bakalavr pilləsini bitirdikdən sonra bu sahədə təhsillərini davam etdirməyəcəklərini bildiriblər. Görünür ki, jurnalistika sahəsində təhsil sisteminin yenidən qurulmasının vaxtı çatıb", - Amaşov əlavə edib.

Onun sözlərinə görə, bu yenidənqurmanın əsasında qabiliyyət imtahanlarının bərpası dayanır.

"Qabiliyyət imtahanının bərpa olunması bu sahədə mövcud olan problemləri nisbətən həll edə bilər. Ondan sonra jurnalistika təhsilinə maraq da artar, jurnalistika fakültəsini bitirənlər də kifayət qədər yetişmiş jurnalistlər olar və nəticə olaraq Azərbaycan jurnalistikası da, Azərbaycan mətbuatı da qazanar", - Amaşov vurğulayıb.

MŞ sədri magistr təhsili almaq istəyən jurnalistlərin esselərinin Şura tərəfindən yoxlanılması məsələsinə də aydınlıq gətirib.

"Azərbaycan Mətbuat Şurası özünün mütəxəssislərini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə həmin sənədlərin yoxlanılması üçün ezam edəcək. Magistr olmaq istəyən şəxslərin esseləri Mətbuat Şurası tərəfindən yoxlanılacaq. Burada söhbət tələbələrin publisistik, bədii təfəkkürlərinin və yaradıcılıqla bağlı bacarıqlarının yoxlanılmasından gedir", - o deyib.

Amaşov hesab edir ki, magistr dərəcəsi almaq istəyən insanlar o pilləyə layiq olmalıdırlar.

"Mətbuat Şurası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu təşəbbüsünü alqışlayır", - o bildirib.

TQDK sədri Məleykə Abbaszadə bir neçə gün öncə bildirib ki, komissiya jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların yazılarının yoxlanılması üçün Mətbuat Şurasına müraciət edəcək. Mətbuat Şurasına olunan müraciətdə yazılı işlərin yoxlanılması məsələsinə münasibət bildirilməsi təklif olunacaq.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti