...

İnsanlar gəlirlərinin bir hissəsini humanitar layihələrə yönəltməyi öyrənməlidirlər- Novruzəli Aslanov (MÜSAHİBƏ)

Cəmiyyət Materials 9 Mart 2011 13:13 (UTC +04:00)
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 91-ci ildönümü ərəfəsində Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanovun Trend-ə müsahibəsi
İnsanlar gəlirlərinin bir hissəsini humanitar layihələrə yönəltməyi öyrənməlidirlər- Novruzəli Aslanov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 91-ci ildönümü ərəfəsində Cəmiyyətin prezidenti, Milli Məclisin deputatıNovruzəli Aslanovun (Novruz Aslan) Trend-ə müsahibəsi

- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) fəaliyyət istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada humanitar sahənin inkişafına, beynəlxalq humanitar hüququn insanlar arasında aşılanmasına, könüllülük siyasətinin daha da genişlənməsinə xüsusi diqqət yetirir. Beynəlxalq hərəkatı respublikada təmsil edən yeganə Milli Cəmiyyət kimi əsas məramımız əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə, məcburi köçkünlərə, bir sözlə insanların qayğıya həssas təbəqəsinə təmənnasız tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada müxtəlif sosial-tibbi, humanitar və digər layihələri uğurla həyata keçirir. Müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığının, fəlakətlər zamanı davranış qaydalarının, ilk yardım və digər vərdişlərin mənimsənilməsində əhəmiyyəti rol oynayıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 7 regional mərkəzi, Naxçıvan Muxtar Respublikası Rayon Komitəsi və onun rayon və şəhər komitələri, 83 rayon və şəhər komitəsi var. Cəmiyyət 290 mindən artıq üzvü, 17 minə yaxın könüllünü özündə birləşdirir.

- Cəmiyyətin ötənilki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ötən il Cəmiyyətimiz üçün çox yadda qalan, tarixi bir il oldu. Cəmiyyətimizin yaranmasının 90 illiyi respublika səviyyəsində təntənəli şəkildə qeyd olundu. Möhtərəm Prezidentimizin imzaladığı sərəncamla bir qrup işçimiz orden və medallarla təltif olundu. Respublika səviyyəsində keçirilən tədbirlər bir daha onu göstərdi ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ən böyük qeyri-hökumət təşkilatı kimi qəbul olunur.

Ötən il biz Cəmiyyətin yeni strategiyasını qəbul etdik, fəaliyyətimizin yeni istiqamətlərini müəyyənləşdirdik.

Cəmiyyətimiz üçün prioritet sahə sayılan gənclər siyasətini həyata keçiririk. Cəmiyyətin Gənclər Komitəsi artıq neçə ildir səmərəli fəaliyyət göstərir. Gənclər Komitəsi tərəfindən AİDS, vərəm əleyhinə layihlər həyata keçiririk.

Səhiyyə sahəsindəki fəaliyyətimizdə də çoxsaylı uğurlarımız olub. Cəmiyyətin tibb bacıları Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ən yüksək medallarına layiq görülüblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti şəffafdır. Cəmiyyət hər il fəaliyyəti ilə bağlı hesabatlar hazırlayır və ictimaiyyətə təqdim edir.

2008-ci il aprelin 7-də möhtərəm Prezidentin imzaladığı sərəncama uyğun olaraq, hər il martın 10-u respublikada Qızıl Aypara Günü kimi qeyd olunur. Bu il də bayram ərəfəsində silsilə tədbirlər həyata keçirilir.

Könüllülərimiz ağacəkmə kompaniyası həyata keçirib. Martın 10-da Azərbaycan Texniki Universitetində böyük qanvermə aksiyası keçirəcəyik.

- Novruzəli müəllim, Azərbaycan Qızıl Aypara Cəmiyyəti hansı layihələri həyata keçirir?

- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi fəaliyyətlər çoxsahəlidir. Bu fəaliyyətlər sırasında Fövqəladə hallara hazırlıq və cavabvermə, sağlamlıq və qayğı, qan donorluğu, ilk yardım, HİV-AİDS-ə qarşı maarifləndirmə, axtarış xidməti, mina təhlükəsinə qarşı fəaliyyətləri (uşaqlar üçün Təhlükəsiz Oyun Meydançalarının tikintisi) və s. daxildir.

Cəmiyyətimiz ölkədə baş verən fövqəladə hallar zamanı (təbii və texnogen fəlakətlər, əhalinin yerdəyişməsi, məişət yanğınları və s.) zərərçəkmiş insanlara imkanları daxilində tələb olunan ilkin humanitar yardım göstərir. Cəmiyyət Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Bu memoranduma uyğun olaraq, öz fəaliyyətimizi FHN ilə birgə həyata keçiririk. Əsasən zərərçəkmiş insanlara ilkin yardım göstəririk. Məsələn, evi yanmış vətəndaşlara müəyyən ev avadanlıqları, əşyaları ilə yardım edirik. Onlara psixoloji yardım, ərzaq yardımı göstəririk, çadırla təmin edirik. Ötən il respublikda baş verən daşqınlardan zərər çəkənlərə də belə yardımlarımız olub. Əsasən də Zərdab rayonunda böyük iş gördük.

Cəmiyyət cəbhə xəttindəki yaşayış sahələrində Təhlükəsiz Oyun Meydançaları yaradır. Bu ərazilərdə atılıb qalmış mina və müharibənin partlayıcı qalıqları insanların həyatları üçün təhlükə törədir. Uşaqlar üçün isə bir vaxtlar oynamaq üçün tam təhlükəsiz sayılan ərazilər hazırda təhlükə mənbəyidir. Biz minalardan təmizlənmiş ərazilərdə uşaqlar üçün oyun meydançaları yaradırıq. Layihə gələcəyimiz olan uşaqları mina risklərindən qorumağı və onların fiziki sağlamlıqlarının normal formalaşmasını təmin edir. Humanitar yardım Cəmiyyətin əsas fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan əhalisinin aztəminatlı təbəqəsinin və təbii fəlakət zamanı zərər çəkmiş insanların yaranmış sosial problemlərinin həllinə müəyyən köməklik göstərmək, onların ərzaq, qeyri-ərzaq mallarına olan tələbatı Cəmiyyətin imkanları daxilində qismən ödəmək və tibbi xidmətə ehtiyacı olanlara təmənnasız tibbi xidmət göstərilməsini təşkil etmək humanitar yardım işinin əsas tərkib hissəsidir.

- Qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə kömək məqsədilə hansı işlər görülür?

- Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası tərəfindən 2003-cü ildən başlayaraq həyata keçirilən layihələrdə bu insanlar həmişə diqqət və qayğı ilə əhatə olunub. İmkanımız daxilində bu kateqoriyadan olan insanlara kömək edirik. Lakin maliyyə imkanlarımız həyata keçirdiyimiz layihələrin davamlı olmasına imkan vermir. Cəmiyyət 1993-cü ildən 2000-ci ilədək "Mərhəmət" layihəsi həyata keçirib. Bu layihə çərçivəsində 300-dək tibb bacısı, 20-dək həkim bütün Azərbaycan üzrə tənha və xroniki xəstə insanlara kömək göstərirdilər. Onları hər gün evlərində ziyarət edir, problemləri ilə maraqlanırdılar. Xəstə insanlara tibbi xidmətlər göstərilirdi, pulsuz dərmanlar verilirdi, könüllülərimiz onların ev işlərini görür, bazarlıqlarını edirdilər. İndi də bu proses davam edir. Lakin maliyyə dayandığı üçün bu insanlara mütəmadi deyil, ən yaxşı halda həftədə bir dəfə baş çəkilir.

- Cəmiyyət maliyyə mənbələrini necə tapır? Yerli donorlar həyata keçirdiyiniz layihələrdə iştirak edirmi?

- Layihələrimizdə əsasən beynəlxalq donorlar iştirak edir. Onlar da müxtəlif layihələr üzrə missiyalarını başa vurublar. Yerli donorlarımız yoxdu.

- Bunun səbəbi nədir?

- Birinci səbəb, respublikamız uzun illər sovet hakimiyyətinin tərkibində olub. O zaman donorluq, messenatlıq kimi hərəkatlar olmayıb. Bizdə maliyyə donorluğu siyasəti müəyyən olunmayıb. Bu, Azərbaycan üçün yeni sahədir. İnanıram ki, gələcəkdə bu siyasət müəyyənləşəcək, müvafiq qanunvericilik bazası yaradılacaq. İnsanlar öz gəlirlərinin bir hissəsini humanitar layihələrə yönəltməyi öyrənməlidirlər. Azərbaycanda bir çox yerli şirkətlər var ki, yaxşı gəlir əldə edir. Sosial sahədə kiçik də olsa, müəyyən layihələr həyata keçirirlər. Bu layihələr əsasən musiqi sahəsini əhatə edir. Məsələn, hansısa müğəninin konsertini, klipini maliyyələşdirirlər. Amma bizi narahat edən problemlərin həllinə yönələn layihələr üçün pul ayırmırlar. Məsələn, gənclərin pis vərdişlərdən uzaqlaşmasına, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına, gənclərin ali təhsil almasına yönələn layihələrdə iştirak etmələrini istərdik. Yaxşı olardı ki, ümumi problemlərimizin həllinə yönələn layihələrə vəsait ayırsınlar.

Biz indi fandrezinq layihəsini həyata keçiririk. Bu, dünya təcrübəsində qəbul edilib. Ticarət Mərkəzlərinə xüsusi qutular yerləşdirilib. İnsanlar imkanı daxilində bura pul atır. Yığılan vəsait çox şəffaf şəkildə aktlaşdırılır, qeydiyyata alınır və müvafiq layihələrə - xəstə uşaqların müalicəsinə, gənclərin təhsil almasına xərclənir.

Bizim gənclərin maliyyə səbəbindən təhsillərini yarımçıq qoyması problemi var. Xüsusən, rayon yerlərindən olan tələbələr pullu təhsil almaqda çətinlik çəkirlər, təhsil haqqını ödəmədiyi üçün təhsillərini dayandırırlar. Millət vəkili kimi mənə bununla bağlı müraciət edən çoxdur. Çalışırıq bizə müraciət edənləri ümidsiz qoymayaq. Bu, birdəfəlik yardımlardır. Bir tələbəni daimi himayəyə götürə bilmirik. Buna maliyyə imkanlarımız yoxdur. Pul bizim gənclər üçün maneə olmamalıdır. Bu sahədə yeni sistem tətbiq edəcəyik. Yalnız imkanı olmayan və yaxşı oxuyanlara yardım edəcəyik.

- Azərbaycan Qızıl Aypara Cəmiyyətinin beynəlxalq əməkdaşlığı hansı səviyyədədir?

- Əsas tərəfdaşlarımız Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası , BQXK və Azərbaycan hökumətidir. Həmçinin Norveç, İsveç, Hollandiya, Polşa Qızıl Xaç, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirilikləri Qızıl Aypara Cəmiyyətləri ilə yaxından əməkdaşlıq edirik.

- Cəmiyyətin gələcək planları barədə nə deyərdiniz?

- Bu il də ənənəvi layihələri həyata keçirəcəyik. Keçmiş sovet ölkələrinin milli cəmiyyətləri donorlardan asılıdır. Onlar maliyyə yardımını dayandırsa, milli cəmiyyətlərin fəaliyyəti sıfıra enəcək. Gürcüstan və Ermənistandakı cəmiyyətlər sırf donorlardan asılıdır. Onların fəaliyyəti ancaq paytaxtda nəzərə çarpır. Bizim donorlarımız yoxdur. Layihələrimizi hökumətimizin və öz könüllülərimizin gücü ilə həyata keçiririk. Yeganə donorumuz Norveç hökumətidir.

Bizim könüllülər siyasətimiz yaxşı inkişaf edib. Hər təhsil müəssisəsində könüllülərimiz, bölmələrimiz var. Dünya üzrə könüllülərlə ən böyük problem onların axınıdır. Könüllülərin gəlməsi və hərəkatdan getməsi problemi var. Biz elə sistem yaratmışıq ki, könüllülər cəmiyyətdən getsə də, yerinə başqaları gəlir. Bizim 16-17 min aktiv könüllümüz var. Çalışırıq onların sayı bundan az olmasın.

Üzvlük haqqlarının yığılmasında yeni sistem tətbiq edəcəyik. Cəmiyyətin aylıq üzvlük haqqı 18 qəpikdir. Üzvlük haqqlarının yığılmasında problemlər olur. Bu məbləğ heç kim üçün çətinlik yaratmaz. Sadəcə insanların şüuru, bu məsələyə baxışı dəyişməlidir.

Xəbər lenti

Xəbər lenti