...

Azərbaycanda mülki şəxslər təyyarə ala biləcəklər

Cəmiyyət Materials 16 Mart 2011 10:28 (UTC +04:00)
Azərbaycanda mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi hazırda mövcud olan "Aviasiya haqqında" qanunda nəzərdə tutulmayıb, amma hazırda buna tələbat olduğundan xarici dövlətlərin bu sahədəki təcrübəsi öyrənilir və yaxın vaxtlarda bununla da məşğul olunacaq.
Azərbaycanda mülki şəxslər təyyarə ala biləcəklər

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda mülki şəxslərə hava nəqliyyatı vasitələrinin idarə olunmasına icazə verilməsi hazırda mövcud olan "Aviasiya haqqında" qanunda nəzərdə tutulmayıb, amma hazırda buna tələbat olduğundan xarici dövlətlərin bu sahədəki təcrübəsi öyrənilir və yaxın vaxtlarda bununla da məşğul olunacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabinetində "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı" hazırlanır və bu yaxında təsdiq olunması gözlənilir.

"Hüquqi məsləhətçi olan ABŞ-ın "Bigs Group" şirkəti ilə mülki aviasiya təhlükəsizliyinə aid bütün sənədlər beynəlxalq standartlara uyğun hazırlanır. İşlər bu ilin sonuna qədər başa çatdırılacaq", - Məmmədov deyib.

Onun sözlərinə görə, təyyarə və ya vertolyotu almaq üçün hava limanlarının imkanlarına baxılacaq. Hava limanının onu saxlamaq, dayanacaq vermək, yanacaqla təmin etmək imkanı nəzərdən keçiriləcək.

"Misal üçün çəkisi 600 kiloqramdan ağır olan uçuş cihazları üçün şərtlər daha sərt olacaq. Özəl pilot məktəblərinin Azərbaycanda açılması ilə bağlı təkliflər irəli sürülür, lakin əvvəlcə ümumi aviasiyanın istifadə qaydaları təyin olunmalıdır", - Məmmədov əlavə edib.

Administrasiya rəhbərinin bildirdiyinə görə, "Azərbaycan Hava Yolları" öz parkını yeniləyir.

"Hazırda AZAL-ın bütün təyyarələri müasirdir. Son vaxtlar "Airbus" markalı 4 təyyarə alınıb, 2 "Boing 767" təyyarəsinin gətirilməsi gözlənilir. Bu təyyarələr bütün standartlara uyğundur", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti