...

Azərbaycan və Rusiya arasında penitensiar sahədə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunub

Cəmiyyət Materials 17 Mart 2011 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov cümə axşamı penitensiar sistemdə aparılan islahatlarla tanışlıq və təcrübə mübadiləsi məqsədilə respublikamızda səfərdə olan Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin direktoru Aleksandr Reymerlə görüşüb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Görüşdə penitensiar sahədə qarşılıqlı fəaliyyətin perspektivləri, Azərbaycan vətəndaşı olan məhkumların ölkəmizə verilməsi, penitensiar xidmət üçün peşəkar kadrların hazırlanması üzrə faydalı fikir mübadiləsi aparılıb.

Azərbaycan və Rusiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən nazir dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini, iki ölkə arasında ən zəngin müqavilə-hüquq bazasının mövcudluğunu vurğulayıb, hüquqi sahədə əlaqələrin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu qeyd edib.

Nazir ölkə başçısı İlham Əliyevin siyasi iradəsi ilə insan hüquqlarının etibarlı təmin olunması, məhkumların hüquq və imtiyazlarının genişləndirilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılması və göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə işlərdən danışıb, cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində respublikamızın əldə etdiyi nailiyyətlərə beynəlxalq aləmdə marağın artdığını vurğulayaraq, bu sahədə müsbət təcrübədən artıq bir neçə dövlətin bəhrələndiyini diqqətə çatdırıb.

Rusiyanın Azərbaycanla hərtərəfli, xüsusilə hüquqi əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verən Aleksandr Reymer ölkəmizdə aparılan penitensiar islahatlardan məlumatlı olduğunu bildirərək, səfər zamanı baş çəkdiyi müasir Bakı istintaq təcridxanasında yaradılmış şəraiti yüksək qiymətləndirib.

Reymer nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti