...

Qubada soyqırım qurbanlarının kütləvi məzarlığında sümüklərin qorunması işlərinə başlanacaq

Cəmiyyət Materials 29 Mart 2011 16:52 (UTC +04:00)
Aprelin əvvəlindən Qubada soyqırım qurbanlarının kütləvi məzarlığında sümüklərin qorunub saxlanması üçün işlərə başlanacaq.
Qubada soyqırım qurbanlarının kütləvi məzarlığında sümüklərin qorunması işlərinə başlanacaq

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Aprelin əvvəlindən Qubada soyqırım qurbanlarının kütləvi məzarlığında sümüklərin qorunub saxlanması üçün işlərə başlanacaq. Bunu Trend-ə çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev bildirib.

"Aprelin 1-dən məzarlıqda olan sümüklərin dərmanlanmasına başlamalıyıq, çünki bu işlər təcili həyata keçirilməsə, onlarda parçalanma gedəcək", - Ağayev deyib.

Onun sözlərinə görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun gördüyü işlər nəticəsində həmin zonada müşayiət olunan sürüşmənin tam qarşısı alınıb.

Qubada məzarlıqda tapılmış 7000-ə yaxın sümük Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilərək konservasiyadan keçirilib. "Lakin kütləvi məzarlıq ərazisində hələ də emal olunmamış sümüklər qalır", - institutun əməkdaşı bildirib.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Qubada aşkarlanan kütləvi məzarlıqdakı cəsədlərin erməni daşnakları tərəfindən 1918-ci ildə öldürülənlərə məxsus olduğu sübuta yetirilib. Heydər Əliyev Fondu tərəfindən "Soyqırım memorial kompleksi"nin layihəsi hazırlanıb.

Xəbər lenti

Xəbər lenti