...

Trend BİA və İranın İRNA Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Cəmiyyət Materials 6 Aprel 2011 14:04 (UTC +04:00)
Çərşənbə günü Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyi və İranın İRNA Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Trend BİA və İranın İRNA Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Çərşənbə günü Bakıda Trend Beynəlxalq İnformasiya Agentliyi və İranın İRNA Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Trend BİA-nın baş direktoru İlqar Hüseynov və İRNA-nın icraçı direktoru Əli Əkbər Cavanfikir imzalayıb.

"Biz informasiya sahəsində Trend-lə əməkdaşlığı genişləndirmək fikrindəyik və sazişin imzalanması buna şərait yaradır", - Cavanfikir bildirib.

İran Prezidentinin mətbuat məsələləri üzrə müşaviri vəzifəsini də icra edən Cavanfikirin sözlərinə görə, 2010-cu ildə Trend-in Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) tamhüquqlu üzv kimi daxil olması da ikitərəfli əlaqələrin genişlənməsi üçün əlavə imkanlar yaradır.

Sənədə görə, tərəflər operativ informasiya materialları, eləcə də İran və Azərbaycan ərazisində və onların hüdudlarından kənarda siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyat haqqında operativ informasiyaların, analitik materialların, eləcə də fotoşəkillərin müntəzəm şəkildə mübadiləsini həyata keçirəcəklər. Tərəflər həmçinin, əməkdaşların qarşılıqlı səfərlərinin təşkili, qısamüddətli və uzunmüddətli təlimlər yolu ilə təcrübə mübadiləsi aparmaq fikrindədirlər.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend özəl informasiya agentliyi Cənubi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Agentlik hər gün beş dildə - ingilis, rus, Azərbaycan, fars və ərəb dillərində xəbər dərc edir. Trend müştərilərə yüksək keyfiyyətli multimedia materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklərin yazdığı məqalələri təqdim edir.

İran İslam Respublikasının İRNA infofrmasiya agentliyi İran XİN yanında 1934 -cü ildə yaradılıb və əvvəlcə "Pars Agency" adlanıb. 1981-ci ildən onun adı dəyişdirilərək İRNA adlandırılıb və Mədəniyyət və İslam İrşad Nazirliyinin tabeçiliyinə verilib. Agentlik dünyanın 30-dan artıq ölkəsində nümayəndəliklərə və İranın ərazisində 60-dan çox ofisə malikdir. Gün ərzində fars, ərəb, ingilis, türk, fransız, ispan, çin dillərində material dərc edilir və dünyanın 70-dən artıq ölkəsinə göndərilir.

Xəbər lenti

Xəbər lenti