...

"Əli və Nino" romanının holland dilində təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2011 13:36 (UTC +04:00)
Niderlandda "Əli və Nino" kitabının holland dilindəki nəşrinin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, Haaqa şəhərində keçirilən təqdimat Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutub.
"Əli və Nino" romanının holland dilində təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Hacıyev/

Niderlandda "Əli və Nino" kitabının holland dilindəki nəşrinin təqdimat mərasimi keçirilib. Trend-in məlumatına görə, Haaqa şəhərində keçirilən təqdimat Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutub. Tədbirdə "Azərbaycanın Holland Dostları" İctimai Birliyinin, Benilüks Azərbaycanlıları Konqresinin və Gürcüstanın Niderlanddakı səfirliyinin nümayəndələri, Niderland dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, Haaqada akkreditə olunmuş diplomatik korpusun rəhbər və əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, Hollandiyanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan və gürcü diasporlarının fəalları, yerli qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad İsgəndərov açıb. O, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin tarixi, əldə edilmiş siyasi və iqtisadi nailiyyətlər, ölkəmizin regionda oynadığı mühüm rol barədə ətraflı məlumat verib. Özünəməxsus tolerantlığı və dünyəviliyi ilə seçilən müstəqil Azərbaycanın mədəniyyətlərarası dialoqun təşəbbüskarı və bəşəri mərkəzlərindən biri olduğunu vurğulayıb.

Tədbirdə qeyd olunub ki, həm "Əli və Nino" kitabı, həm də ümumiyyətlə, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri mədəniyyətlərarası inteqrasiya proseslərinin mümkünlüyünü, dünyada hazırda müşahidə edilən ziddiyətli tendensiyalar fonunda xalqların gələcəyi və rifahı üçün bəşəriyyətin sivilizasiyalararası dialoqa böyük ehtiyacı olduğunu və iki yeni müstəqillik qazanmış dövlətin xeyirxah qonşuluq əlaqələrinin digər ölkələr üçün nümunəvi təcrübə kimi istifadə olunması zərurətini bir daha təsdiqləyir. Səfir İsgəndərov Qurban Səidin bu əsərinin 1937-ci ildən başlayaraq dünyanın 33 dilində 100-dən çox nəşr ilə çap olunduğu barədə məlumat verib, hollandların kitabı oxuyandan sonra Azərbaycan haqqında, Cənubi Qafqaz regionu və burada baş verən həm quruculuq, həm də dağıdıcı proseslərin tarixi siyasi səbəblərinin mahiyyəti barədə daha məlumatlı olacağına ümidvar olduğunu bildirib.

Mərasimdə çıxış edən Gürcüstanın Niderland Krallığındakı səfiri Şota Qvineriya Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi barədə söz açıb və iki ölkə arasında siyasi və iqtisadi tərəfdaşlıq haqqında məlumat verib. Səfir "Əli və Nino" kitabını Gürcüstan və Azərbaycan xalqının tarix boyu bir-birinə olan münasibətlərini nümayiş etdirən bir əsər kimi qiymətləndirib.

Tədbir Azərbaycan, gürcü və yerli musiqiçilərin proqramı ilə davam etdirilib. Tədbir çərçivəsində Azərbaycan haqqında filmlər də nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti