...

Azərbaycanın ekologiya naziri Qətərdə səfərdədir

Cəmiyyət Materials 25 Aprel 2011 15:52 (UTC +04:00)
Qətərdə Azərbaycan ilə ekologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunur.
Azərbaycanın ekologiya naziri Qətərdə səfərdədir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir S.Ağayeva/

Qətərdə Azərbaycan ilə ekologiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunur.

Danışıqlar Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Qətər Dövlətinə rəsmi səfəri çərçivəsində keçirilir. Səfər bu ölkənin ətraf mühitin qorunması naziri Abdullah bin Mübarək bin Əbud əl-Mədadinin dəvəti ilə həyata keçirilir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Qətərdəki səfirliyindən məlumat verilib.

Bu, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin Qətərə ilk rəsmi səfəridir. Səfər zamanı tərəflər ekologiya sahəsində birgə layihələrin həyata keçirilməsinin hazırkı səviyyəsini müzakirə edirlər. İki ölkə artıq üçüncü ildir ardıcıl olaraq şahinlərin təbiətə qaytarılması layihəsini həyata keçirir. Layihə zamanı artıq 41 şahin təbii yaşayış mühitinə qaytarılıb.

Hazırda tərəflər ekologiya sahəsində yaxın gələcəkdə imzalanacaq əməkdaşlıq haqqında saziş layihəsini nəzərdən keçirirlər.

Qətərin ətraf mühtin qorunması naziri artıq ötən il Azərbaycanda səfərdə olub. O, səfər zamanı öz azərbaycanlı həmkarı ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib, eləcə də Bakıda kənd təsərrüfatı sərgisində iştirak edib.

Xəbər lenti

Xəbər lenti