Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/
"Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi hazırlanıb.
Qanun layihəsi Azərbaycan muğamının ictimai əlaqələr sistemində yerini və hüquqi vəziyyətini müəyyən edir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bazar ertəsi komitənin iclasında deyib.
"Qanun layihəsi muğamın hüquqi əsasda qorunmasına yönəlib", - Cəfərov bildirib.
Komitə sədrinin sözlərinə görə, bu qanun Azərbaycan folklorunun qorunmasına və inkişafına yönələn qanunlar siyahısında birinci olacaq.
"Muğam təkcə yaradıcılıq deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin mühüm faktoru, bütün dünyada azərbaycanlıları birləşdirən dəyərdir", - iclasda qanun layihəsini hazırlayan Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov bildirib.
Hüseynov Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycan muğamının qorunmasında və təbliğində, Azərbaycan muğamının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində böyük rolunu qeyd edib.
Qanun layihəsi dörd fəsildən və doqquz maddədən ibarətdir.