Azərbaycan , Bakı , 6 may /Trend , müxbir A.Məmmədova /
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Sankt-Peterburqda Puşkin evində saxlanılan Azərbaycan musiqi folklorunun səs yazısı nümunələrinin surətlərinin Vətənə gətirilməsinə nail olub. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə nazir Əbülfəs Qarayev məlumat verib.
"Azərbaycan ermənilərin qeyri-maddi mədəni irs nümunələrimizi mənimsəməsinə qarşı aktiv mübarizəni davam etdirir və buna misal kimi, Azərbaycan musiqi folklorunun səs yazısı nümunələrinin surətlərinin qaytarılmasını göstərmək olar", - Qarayev deyib.
O əlavə edib ki, Azərbaycana folklor musiqisi toplusunun - muğam, aşıq mahnıları və rəqs kompozisiyalarından ibarət dörd saatlıq səs yazısı gətirilib.
Qarayevin sözlərinə görə, ermənilər Azərbaycanın mədəniyyət nümunələrini mənimsəməyə ötən əsrin 1920-ci illərindən başlayıblar.
Nazir bildirib ki, Qafqazda aparılan araşdırmalar zamanı azərbaycanlıların yaşadıqları yerlərdə onlara məxsus olan musiqinin rəsmi sənədlərdə erməni adları altında verilməsi faktları aşkar edilib.