...

Naxçıvanda azyaşlı uşaqlar üzərində uğurlu açıq ürək əməliyyatı aparılıb (FOTO)

Cəmiyyət Materials 9 May 2011 12:25 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzinin 35 nəfərlik yüksək ixtisaslı kardiocərrahiyyə briqadası Naxçıvan şəhərində növbəti humanitar aksiyaya start veriblər.
Naxçıvanda azyaşlı uşaqlar üzərində uğurlu açıq ürək əməliyyatı aparılıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir K.Zərbalıyeva/

Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzinin 35 nəfərlik yüksək ixtisaslı kardiocərrahiyyə briqadası Naxçıvan şəhərində növbəti humanitar aksiyaya start veriblər. Bu barədə Trend-ə bazar ertəsi ARDNŞ Sosial İnkişaf İdarəsinin məbuat xidmətindən məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Naxçıvan Müalicə Diaqnostika Mərkəzində (MDM) təşkil olunan aksiya çərçivəsində mayın 3-dən 11-dək ürək xəstəliyindən əziyyət çəkən 20 Naxçıvan sakini üzərində açıq ürək əməliyyatları aparılması nəzərdə tutulub.

Mayın 9-dək artıq 15 xəstə üzərində uğurlu əməliyyat həyata keçirilib. Onların arasında anadangəlmə ürək qüsuru olan uşaqlar, o cümlədən 1 və 2 yaşlı körpələr də var.

Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə briqadası 2007-ci ildən başlayaraq 4 il ərzində 500-dən çox xəstə üzərində angeoqrafiya, angeoplastika, eləcə də 200-ə qədər insan üzərində cərrahiyə əməliyyatları həyata keçiriblər.

Aksiya çərçivəsində mayın 8-də Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Naxçvan Dövlət Universiteti, ARDNŞ-nin Sosial İnkişaf İdarəsi və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasınn 88-ci ildönümünə həsr olunmuş "Ürək xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda elmi konfrans keçirilib.

ARDNŞ Sosial İnkişaf İdarəsi Səhiyyə Departamentinin rəisi, tibb elmləri namizədi Fuad Əlizadə bildirib ki, 4 ildir Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin dəstəyi ilə mütəmadi şəkildə keçirilən aksiyaların məntiqi nəticəsi olaraq, bu dəfə Naxçıvanda 200-cü açıq ürək əməliyyatı tamamlanmış olacaq.

Xəbər lenti

Xəbər lenti