Azərbaycan, Bakı, 12 may /Trend/
Western Union ilə ASB Bank-da pulköçürmə əməliyyatları aparan müştərilər uduşlu kampaniyada hədiyyələr əldə edə bilərlər. Belə ki, Western Union pulköçürmə sistemi 15 aprel - 15 iyul müddəti ərzində "Bəli! Mən dostlarımı gətirib uduşlar uda bilərəm!" adlı kampaniya həyata keçirir.
Trend-in məlumatına görə, kampaniya lotereya və hədiyyə olmaq üzrə 2 hissədən ibarətdir. Buna əsasən ASB Bank-da pulköçürmə əməliyyatları edən müştərilərə 2 fərqli kupon təqdim edilir.
Müştəriyə təqdim edilən 1-ci kupon onun lotereyada iştirakını təsdiq edir. Müştəri hər dəfə əməliyyat etdikdə ona 1-ci kupondan verilir. Yəni hər köçürmə lotereyada 1 şans deməkdir.
15 iyun və 27 iyul tarixlərində lotereya vasitəsilə müəyyən ediləcək 10 qalibin hər birinə 1000 manat pul məbləği təqdim olunacaq.
Təqdim edilən 2-ci kupon isə hədiyyə kampaniyasında iştirakı göstərir. Müştəri kampaniyanın keçirildiyi müddətdə hər dəfə pulköçürmə əməliyyatı etdikdə 2-ci kupona marka möhür vurulur. Müştəri Western Union vasitəsilə köçürmə etmək üçün öz dost və tanışlarını da banka gətirdikdə kuponuna yenə möhür vurulur.
Kuponda möhürlərin sayı 2 ədəd olduqda - fotoçərçivə, 5 ədəd olduqda - portmane müştəriyə hədiyyə edilir.
"Azərbaycan Sənaye Bankı" 1996-cı ildən fəaliyyətə başlayıb. 2011-ci ilin I rübünün nəticələrinə görə bankın aktivlərinin həcmi 189.393 mln. manat, depozit portfeli 131.058 mln. manat, kredit portfeli 97.757 mln. manat, nizamnamə kapitalı 24.000 mln. manat təşkil edir.
Bankın respublika üzrə 8 filialı, 1 şöbəsi, 32 bankomatı və 299 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 18.750-dən, cəmi müştərilərinin sayı isə 31.750-dən çoxdur.