...

Azərbaycanda avtoxuliqanların cinayət məsuliyyətinə cəlb edilməsi təklif olunur

Cəmiyyət Materials 23 May 2011 14:38 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, avtoxuliqanlığa görə məsuliyyətin gücləndirilməsi bu hüquqpozmanın qarşısının alınmasına müsbət təsir göstərə bilər.
Azərbaycanda avtoxuliqanların cinayət məsuliyyətinə cəlb edilməsi təklif olunur

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda avtoxuliqanlığın cinayət əməli kimi qanunvericiliyə daxil edilməsi təklif olunur.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, avtoxuliqanlığa görə məsuliyyətin gücləndirilməsi bu hüquqpozmanın qarşısının alınmasına müsbət təsir göstərə bilər.

Avtoxuliqanlığın İnzibati Xətalar Məcəlləsinə sonradan daxil edildiyini deyən şöbə rəisi bildirib ki, bu xətaya görə kifayət qədər ciddi cəza nəzərdə tutulub.

Onun sözlərinə görə, İXM-in 296-1-ci maddəsinin tələbinə görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələri idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.

"Avtoxuliqanlığa görə, qanunvericilikdə yetərincə ciddi cəza nəzərdə tutulsa da, Bakıda və rayon mərkəzlərində belə hallara kifayət qədər rast gəlinir", Əliyev vurğulayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da hesab edir ki, avtoxuliqanlığa görə inzibati qaydada görülən tədbirlər müsbət nəticə vermir.

O, avtoxuliqanlığın cinayət əməli kimi qəbul olunmasını və bu barədə Cinayət Məcəlləsinə dəyişiklik edilməsini zəruri sayır.

İdarə sözçüsü avtoxuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilən şəxslərə məhkəmələr tərəfindən aşağı həddə inzibati həbs seçildiyini və bu cəzanın da effektli nəticə vermədiyini deyir.

O hesab edir ki, məhkəmələr "avtoş"lara yuxarı həddə inzibati həbs seçməlidirlər.

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Trend-ə bildirib ki, avtoxuliqanlıq kifayət qədər aktual problemdir və bu əmələ görə məsuliyyətin gücləndirilməsinə ehtiyac var.

Komitə sədri yaxın gələcəkdə avtoxuliqanlığa görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını və bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsini mümkün sayır.

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov mətbuata müsahibəsində avtomobili yüksək sürətlə idarə edənlər (avtoxuliqanlar) üçün xüsusi meydançanın inşası təklifi ilə çıxış etmişdi.

Onun fikrincə, şəhər küçələrində əhali üçün təhlükə yaranmasın deyə, belə şəxslər üçün xüsusi yerlərin ayrılması məsləhətdir. Belə bir meydançanın istifadəyə verilməsi, avtomobil yarışlarının keçirilməsi avtomobil həvəskarları üçün geniş perspektivlər açacaq.

KHVTİC-dən verilən məlumata görə, bu məsələ ilə bağlı layihə hazırlanıb və təsdiq olunub.

Bakının Güzdək qəsəbəsində yerləşən və Sovet ordusu tərəfindən dağıdılmış Aviasiya Mərkəzində belə meydançanın tikilməsi üçün müvafiq iş aparılır.

Respublika Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Əliyev avtoxuliqanlığın hüquqa zidd əməl olduğunu qeyd edərək bu əməli törədən şəxslər üçün xüsusi yerlərin ayrılmasını düzgün hesab etmir.

"Avtoxuliqanlar ətrafdakıların diqqətini özlərinə cəlb etmək istəyirlər. Asayişi pozur, yol hərəkəti iştirakçılarının həyat və sağlamlıqları üçün real təhlükə yaradırlar. Onlar bu əməlləri qərəzli şəkildə edir və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirirlər. Belə şəxslərə qarşı ciddi mübarizə aparılmalıdır", - şöbə rəisi vurğulayıb.

Bu il yanvarın 1-dən mayın 15-dək Bakıda yol polisi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı 121 avtoxuliqan saxlanılıb və barələrində tədbir görülməsi üçün işləri məhkəmələrə göndərilib.




Xəbər lenti

Xəbər lenti