...

"Metsamor" AES-in fəaliyyətində siyasi motivlər çox böyükdür - nazir

Cəmiyyət Materials 6 İyun 2011 12:56 (UTC +04:00)
Ermənistanda "Metsamor" atom elektrik stansiyasının (AES) fəaliyyət göstərməsində siyasi motivlər böyük rol oynayır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
"Metsamor" AES-in fəaliyyətində siyasi motivlər çox böyükdür - nazir

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ermənistanda "Metsamor" atom elektrik stansiyasının (AES) fəaliyyət göstərməsində siyasi motivlər böyük rol oynayır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Mən özüm bu qənaətdəyəm ki, burada energetika ilə bağlı məqamlar çox kiçikdir, siyasi motivlər isə çox böyükdür. Bizə məlum deyil ki, Ermənistan bu siyasi motivlərdən nə qazanmaq istəyir və nə qazanacaq? Bu ölkə ilk növbədə öz əhalisini təhlükə altında qoyur. Eyni zamanda, qonşu ölkələr üçün də təhlükə yaradır", - Bağırov bildirib.

O hesab edir ki, Ermənistan bu AES-in fəaliyyəti ilə dünyanı şantaj edir.

"Dünya ölkələrinin nüvə energetikasına münasibəti sürətlə dəyişir. İnkişaf etmiş Yaponiya təhlükə qarşısında qaldı, Almaniyada təhlükəsizlik baxımından daha ciddi tədbirlərin görülməsi barədə düşünülür. Onda belə hesab etmək olar ki, Ermənistan çox primitiv, artıq imkanları tükənmiş AES-nin fəaliyyət göstərməsi ilə ancaq dünyanı şantaj edir", - Bağırov deyib.

1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Avropa İttifaqı təkidlə "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını tələb etsə və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf bununla razılaşmır. Ermənistan "Metsamor"u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti