...

Azərbaycanda DVB-T yayım sistemini dəstəkləməyən televizorları almamaq tövsiyə olunur

Cəmiyyət Materials 14 İyun 2011 17:12 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) vətəndaşları rəqəmli televiziya (DVB-T) yayım sistemini dəstəkləməyən televizorları almamağa çağırır.
Azərbaycanda DVB-T yayım sistemini dəstəkləməyən televizorları almamaq tövsiyə olunur

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) vətəndaşları rəqəmli televiziya (DVB-T) yayım sistemini dəstəkləməyən televizorları almamağa çağırır. Trend-in məklumatına görə, bu barədə çərşənbə axşamı MTRŞ, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ümumrespublika televiziya yayımçılarının texniki sahə üzrə məsul şəxslərinin iştirakı ilə keçirilən tədbirdə bildirilib.

Teleradio yayımçılarının rəqəmli televiziya (DVB-T) yayım sisteminə keçidə hazırlıq səviyyəsinin yoxlanılması məqsədi ilə keçirilən tədbirdə sahibkarlara ölkəyə gətirilən televizorların DVB-T yayım sistemini dəstəkləməsinə və ona uyğun olmasına diqqət ayırmaları də tövsiyə olunub.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rəqəmli televiziya (DVB-T) yayım sisteminə keçilməsi üzrə zəruri tədbirlərin görüldüyü qeyd olunub, həmçinin teleradio yayımçılarının həmin yayım sisteminə keçidə hazır olduqları və 2011-ci ilin rəqəmli televiziya yayım sisteminə keçid üçün əlverişli olduğu bildirilib.

Azərbaycan Nazirlər Kabineti bu ilin fevral ayında "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nı təsdiq edib.

Proqramda respublikada radio-televiziya yayımının infrastrukturunun inkişaf etdirilməsi, rəqəmli radio-televiziya yayım xidmətlərinin daha cəlbedici olması, efir məkanında milli və informasiya təhlükəsizliyinin təmin olunması, gücləndirilməsi və b. qeyd olunub. Proqram rəqəmsal ötürücülər quraşdırılan zaman analoq ötürücülərin saxlanılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti