...

Azərbaycan cinayətkarlığa qarşı mübarizə sahəsində lider dövlətlərdəndir - nazir

Cəmiyyət Materials 2 İyul 2011 10:48 (UTC +04:00)
Bu gün Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir.
Azərbaycan cinayətkarlığa qarşı mübarizə sahəsində lider dövlətlərdəndir - nazir

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir. Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.

Nazirin sözlərinə görə, 1994-cü ildən bugünədək əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əhalidə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və qeyd olunan illərdə onun tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb.

"Axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin məntiqi nəticəsidir ki, son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur", - Usubov vurğulayıb.

Nazirin sözlərinə görə, il ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər, yerdə qalan hissəsi isə ağır və xüsusilə ağır növlərdir.

"Müqayisə üçün bildirim ki, ötən il əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır. Bütün bunlar həm həyata keçirilən kompleks profilaktik tədbirlərin, həm də daxili işlər orqanlarının digər hüquq-mühafizə strukturları ilə qarşılıqlı işgüzar əməkdaşlığının nəticəsidir. Təkcə ötən il xidməti vəzifələrinin icrası zamanı 153 əməkdaş xəsarət alıb, 5 nəfər həlak olub. Bunlar heç də adi rəqəm deyil, deyərdim ki, şəxsi heyətimizin xidməti vəzifələrinin icrası zamanı hər cür rəşadətə hazır olduğunun göstəricisidir", - Usubov qeyd edib.

Xəbər lenti

Xəbər lenti