...

RF Gömrük Akademiyasının Sankt-Peterburq filialının azərbaycanlı məzunlarına diplomlar təqdim edilib

Cəmiyyət Materials 4 İyul 2011 20:42 (UTC +04:00)
Rusiya Gömrük Akademiyasının V.B.Bobkov adına Sankt-Peterburq filialında məzunlara diplomların təqdimatı keçirilib.
RF Gömrük Akademiyasının Sankt-Peterburq filialının azərbaycanlı məzunlarına diplomlar təqdim edilib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Rusiya Gömrük Akademiyasının V.B.Bobkov adına Sankt-Peterburq filialında məzunlara diplomların təqdimatı keçirilib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğundan məlumat verilib.

Filialın direktoru A.N.Myaçin məzunları təbrik edərək bu gün həm sevinc içində olduğunu, həm də kədər hissi keçirdiyini bildirib. Mərasimdə Rusiya Gömrük Akademiyasının təhsil üzrə rektor müavini xanım L.Y.Stefanidi məzunları təbrik edərək nüfuzlu təhsil ocağında yüksək səviyyəli mütəxəssislərin hazırlandığını qeyd edib. Şimal-qərb gömrük idarəsinin kadrlar üzrə rəis müavini A.B.Perelman məzunlara gələcək iş fəaliyyətlərində uğurlar arzulayıb və gömrük orqanları üçün yüksək ixtisaslı kadrların hazırlanmasına görə filialın rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirə fəxri qonaq kimi Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov dəvət olunub. Baş konsul 300 məzuna, o cümlədən akademiyanı bitirmiş 6 azərbaycanlı məzuna diplomlar təqdim edib. Osmanov məzunları təbrik edərək Azərbaycan Prezidentinin azərbaycanlı gənclərin yüksək ixtisaslı mütəxəssis olmaları üçün xarici ölkələrdə təhsil almalarına xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.

Baş konsul çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Rusiyada təhsil almış azərbaycanlıların Rusiya dövlət orqanlarında yüksək vəzifələrdə çalışdıqlarını qeyd edib və bildirib ki, onlar Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsi istiqamətində xalq diplomatiyasını həyata keçirirlər. Osmanov bu gün məzun adı qazanan soydaşlarımıza uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti