Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir R.Hafizoğlu/
Toy və yas mərasimlərində israfçılıq hallarına yol verilməsi doğru deyil, dinimiz israfın əleyhinədir. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də toy və yas mərasimlərinə həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı bildirib.
"Biz dəfələrlə bu kimi hallara yol verilməməsi üçün müraciətlər etmişik. Lakin bu məsələ sadəcə din xadimlərinin vasitəsilə deyil, eyni zamanda, ağsaqqalların iştirakı ilə də həll olunmalıdır", - Qafqazın şeyxi bildirib.
Onun sözlərinə görə, bu kimi halların olmaması üçün kimisə məcbur etmək olmaz və bu məsələ maarifləndirmə yolu ilə həll edilməlidir.
Şeyxülislam Allahşükür Paşazadə bu məsələdə medianın rolunun da qaçılmaz olduğunu vurğulayıb.
Tədbirdə "dəyirmi masa" iştirakçılarının adından Azərbaycan xalqına müraciət olunub.
"İslamda israf haramdır. Toy və yas mərasimlərində israfçılıq haram olmaqla yanaşı, cəmiyyətdə ictimai bərabərsizliyə yol açır. Bu halların qarşısının alınması üçün ictimai qınaq çox önəmlidir. Digər problemlərdən biri ramazan vaxtı, oruc zamanı ehsan verilməsidir ki, bu da doğru deyil. Buna görə də biz Naxçıvanda din və dövlət adamlarının mərasimlərdə ifrat əleyhinə keçirdiyi kampaniyanı dəstəkləyirik", - müraciətdə deyilir.