...

Azərbaycanın özəl ali məktəbində tibb ixtisası üzrə 18 nəfərin qanunsuz təhsil aldığı aşkarlanıb

Cəmiyyət Materials 15 İyul 2011 13:48 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın özəl ali məktəblərinin birində tibb ixtisası üzrə təhsil alan 18 nəfərin tələbə adını qanunsuz yolla qazandığını aşkarlayıb.
Azərbaycanın özəl ali məktəbində tibb ixtisası üzrə 18 nəfərin qanunsuz təhsil aldığı aşkarlanıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın özəl ali məktəblərinin birində tibb ixtisası üzrə təhsil alan 18 nəfərin tələbə adını qanunsuz yolla qazandığını aşkarlayıb.

Trend-in məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, 2005-ci ildə həmin məktəbə TQDK-nın xətti ilə tibbi ixtisası üzrə 6 nəfər daxil olsa da, onların sayı hansısa yollarla 24 nəfərə çatdırılıb.

TQDK sədri həmin məktəbin adını açıqlamayıb.

"Mənə özəl ali məktəblərin birindən bir məktub gəlmişdi. Həmin məktəb mənə müraciət edərək, bu universitetin tibb ixtisasını bitirən şəxslərə rezidenturaya qəbul imtahanlarında iştirakı üçün kömək göstərilməsini istəyirdi. Məsələni araşdırdıq və məlum oldu ki, biz 2005-ci ildə oraya 6 nəfər qəbul etmişik, ondan sonra o məktəbdə bu fakültə bağlanmışdı. Amma indi orada tibb ixtisası üzrə artıq 24 nəfər oxuyur. Axı, biz onları oraya qəbul etməmişdik. Biz onlara cavab yazdıq ki, TQDK onların hansı yollarla ali məktəbə daxil olması barədə məlumatsızdır. Belə şəxsləri rezidenturaya qəbul etmək olmaz. Onları nəinki xəstənin, heç ölünün də yanına buraxmaq olmaz. Çünki vaxtilə IV qrupda 20 bal toplayan uşaq sonra hansısa yolla özəl ali məktəbdə peyda olub", - Abbaszadə qeyd edib.

TQDK sədri onu da bildirib ki, Azərbaycanda qanunsuz yollarla tələbə qəbulu aparan xarici ölkə universitetləri ilə bağlı araşdırmaların aparılması üçün müvafiq dövlət qurumlarına da müraciət edəcəklər.

Onun sözlərinə görə, bu məktəblər qəbul imtahanlarında çox aşağı nəticə göstərən abituriyentləri imtahansız qəbul etdirmək üçün müxtəlif yerlərdə elanlar verir və təbliğat işləri aparırlar. Qəbul imtahanlarında 0-100 bal toplayan abituriyentlərin valideynləri isə belə qəbul forması ilə daha çox maraqlanırlar.

"Qəbul imtahanlarında 0-100 bal toplayan abituriyentlər bu prosesdə daha çox iştirak edirlər. Təəssüf ki, valideynlər bu yollara əl atırlar. Halbuki onların gözünün qabağında vaxtilə qeyri-qanuni qəbul aparan universitetlər bağlandı. Bu universitetlər bağlananda valideynlər piketlərə çıxaraq bildirdilər ki, uşaqları 4 il həmin təhsil müəssisəsində təhsil alıb və onların təhsili üçün pul veriblər. Həmin vaxt onlara bircə sual vermək lazım idi ki, onlar uşaqlarının belə təhsili üçün pul verəndə nəyi fikirləşirdilər. Bu, hüquqi dələduzluğun bir formasıdır.
Bir neçə gün əvvəl isə mən küçələrdə ingilis, rus dillərində Rusiya, Türkiyə, Ukrayna universitetlərində təhsil almaqla bağlı reklam xarakterli yazılar görmüşəm. Belə reklamlar imtahan keçirilən binaların qarşısında da paylanılır. Mən bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edəcəyəm. İnsanlar belə dələduzların əməllərinə uymamalıdır. Valideynlərlə maarifləndirmə işləri aparmaq lazımdır ki, bu yollara əl atmasınlar. Çünki bunun nəticəsi olmayacaq", - Abbaszadə deyib.

TQDK sədri bəyan edib ki, qanunsuz yollarla xarici ölkələrin ali məktəblərinə qəbul edilənlər sonradan Azərbaycanın ali məktəblərinə köçürülə bilməyəcəklər.

Xəbər lenti

Xəbər lenti