...

Azərbaycanın millət vəkili "Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı"nda çıxış edib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2011 13:59 (UTC +04:00)
Türkiyənin Bayburt şəhərində 17-ci Beynəlxalq "Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı"nın açılış mərasimi olub.
Azərbaycanın millət vəkili "Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı"nda çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Türkiyənin Bayburt şəhərində 17-ci Beynəlxalq "Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı"nın açılış mərasimi olub.

Trend-in məlumatına görə, mərasim türk dünyasının müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin Masat kəndindəki "Dədə Qorqud" türbəsinə ziyarəti ilə başlayıb.

Azərbaycanı bu festivalda millət vəkili Qənirə Paşayeva və Mahmud Kaşqari Fondunun icraçı direktoru, şair Elxan Zal təmsil edib.

Türbənin ziyarətindən sonra açılış mərasimi düzənlənib.

"Mənim babalarım bu günü görməyi, bu günü yaşamağı çox gözləyiblər. Onlar həmişə Dədə Qorqud övladlarının bir araya gəlməsini arzulayıblar. Şükürlər olsun ki, onların arzularını bu gün bizlər, onların nəvələri həyata keçirə bilirik və həmişə türk qövmünə öz müdrikliyi ilə yol göstərən bir ulu şəxsiyyətin məzarı başında bir araya gəlmişik. Ortaq Atamız Dədə Qorqudun səmalardan izlədiyi bu mərasim iştirakçılarını qucaqlayır və Azərbaycan xalqının salam və sevgilərini sizə çatdırıram", - mərasimdə çıxış edən Qənirə Paşayeva bildirib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olması fikrini vurğulayan millət vəkili Qənirə Paşayevanın çıxışı tədbir iştirakçıları tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Millət vəkili tədbir iştirakçılarına Azərbaycan həqiqətləri, Azərbaycan dövlətinin türk dövlət və xalqlarının, diasporlarının birliyi istiqamətində gördüyü işlər barədə də məlumatlar verib.

Festivalın növbəti proqramı ümumxalq yürüşü olub. Yürüş bitəndən sonra geniş konsert proqramı düzənlənib.

Konsertdə Azərbaycandan, Bosniyadan, Kosovodan, Gürcüstandan, Elazığdan gələn rəqs ansamblları çıxış ediblər.

Konsertin yekununda türk birliyini simvolizə edən hava şarlarının uçurulması mərasimi keçirilib və bu mərasimin icrası Bayburt valisi Kərəm Al tərəfindən Qənirə Paşayevaya həvalə edilib.
Bu tədbirə qatılmış çoxsaylı insanlar da Azərbaycana öz sevgilərini alqışlarla ifadə ediblər.

Dədə Qorqud festivalı ilə bağlı bölgənin mərkəzi meydanında təşkil olunmuş böyük konsert proqramında da Azərbaycanın festivalda iştirakı xüsusi vurğulanıb və minlərlə insan Azərbaycanı böyük coşqu ilə alqışlayıb.

Xəbər lenti

Xəbər lenti