...

Azərbaycanın "Kəpəz" futbol klubunun fəaliyyətini dayandıracağı barədə məlumatlara aydınlıq gətirilib

Cəmiyyət Materials 20 İyul 2011 20:42 (UTC +04:00)
Kəpəz Peşəkar Futbol Klubunun fəaliyyətini dayandıracağı barədə məlumatlara aydınlıq gətirilib.
Azərbaycanın "Kəpəz" futbol klubunun fəaliyyətini dayandıracağı barədə məlumatlara aydınlıq gətirilib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

"Kəpəz" Peşəkar Futbol Klubunun fəaliyyətini dayandıracağı barədə məlumatlara aydınlıq gətirilib.

Trend-in məlumatına görə, Gəncə Regional Futbol Federasiyasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev bəzi kutləvi informasiya vasitələrində "Kəpəz" PFK-nın və "Tərəqqi" PFK-nın fəaliyyətini dayandıracağı barədə məlumatlara münasibət bildirib.

"Hesab edirəm ki, bu deyilənlər şayilərdən başqa bir şey deyil. Mən bu söz-söhbətlərin kimin tərəfindən, nə üçün və hansı məqsədlə yayıldığını deyə bilmərəm. Amma onu bilirəm ki, bu, Gəncə futbolunu, bu gözəl və maraqlı idman növünün şəhərimizdə olmağını istəməyənlərin işidir. Gəncə Regional Futbol Federasiyasının rəhbəri olaraq mən tam rəsmi bildirirəm ki, nə "Kəpəz" PFK, nə də "Tərəqqi" PFK fəaliyyətlərini dayandırmayacaq", - Fətiyev bildirib.

Federasiya sədri qeyd edib ki, "Kəpəz" PFK-nın sponsorları AZNUR və Naxçıvan Avtomobil Zavodudur. Onların rəhbərliyi komandaları dəstəkləyəcəklərini rəsmi bəyan ediblər.

"Əlbəttə belə söz-söhbətlər ürəkaçan deyil. Komandada ruh düşkünlüyü yaradır, nəinki fiziki hazırlıqlarına təsir edir, həm də mənəvi cəhətdən onları növbəti çempionata hazırlaşmağa mane olur. Mən yenə də deyirəm ki, bu şayiələr yalnız gündən-günə gözəlləşən və inkişaf edən Gəncənin futbolunu sevməyənlərin işidir. Biz bütün bunlara əhəmiyyət vermirik və ölkə başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycanda idmanın inkişafına öz layiqli töhfəmizi verməkdə davam edirik. Mən inanıram ki, yaxın vaxtlarda uzun illər futboldan uzaq qalmış Gəncənin "Kəpəz" və "Tərəqqi" komandaları futbol üzrə milli çempionatda layiqli nəticələr göstərərək azarkeşləri sevindirəcəklər", - Xanlar Fətiyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti