...

Yaxın Şərqdə ən qədim yaşayış yeri sayılan Naxçıvanın Şahtaxtı kəndində açıq muzey yaradılacaq

Cəmiyyət Materials 23 İyul 2011 13:23 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksini açıq muzey edəcək.
Yaxın Şərqdə ən qədim yaşayış yeri sayılan Naxçıvanın Şahtaxtı kəndində açıq muzey yaradılacaq

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndinin şimalında yerləşən Qədim Şahtaxtı Arxeoloji Kompleksini açıq muzey edəcək.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev şənbə günü Trend-ə bildirib ki, açıq muzeyin yaradılması üçün artıq qazıntı işlərinin əhatə dairəsi də genişləndirilib. Əvvəl 250 kvadrat metr sahəni əhatə edən qazıntı işləri hazırda 400 kvadrat metrlik ərazidə aparılır.

Arxeoloq əlavə edib ki, hazırda kompleksin 5 hektarlıq sahəsində Şahtaxtı qədim yaşayış yeri, 10 hektarlıq sahəsində qəbiristanlıq yerləşir. Bu abidəni çox unikal sayan arxeoloqun sözlərinə görə, çox qədim - 8000 illik tarixi olan kompleks Yaxın Şərq və Qafqazda insanların eneolit, yəni mis-daş dövründən indiyədək intensiv yaşadığı yeganə abidədir. Bütün tarixi dövrləri özündə birləşdirən bu qədim yaşayış yerində hazırda da insanlar yaşayır.

"Bu baxımdan abidəni açıq muzey etmək çox yaxşı olar. Nəzərə alaq ki, Türkiyənin qədim Troya şəhəri də açıq muzeydir. Biz də belə bir muzey yaratmaqla turistlərin nəzərini buraya cəlb edə və tariximizin qədimliyini bir daha nəzərə çatdıra bilərik", - Ağayev deyib.

Ekspedisiya rəisi qeyd edib ki, institutun maliyyə vəsaiti hesabına burada il ərzində yalnız iki ay arxeoloji qazıntı işləri aparmaq mümkün olur. Amma dövlət, eyni zamanda iş adamları, kəndin tanınmış ziyalıları bu işin reallaşmasına maddi baxımdan yardım göstərsələr, 5-6 ildən sonra açıq muzey hazır olar.

Xəbər lenti

Xəbər lenti