...

Bu gündən Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Avqust 2011 13:05 (UTC +04:00)
2011-2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb.
Bu gündən Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 11:03-də yayılıb)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə günü Trend-ə bildirib ki, ixtisas seçimi avqustun 5-dən 9-dək aparılacaq. Abituriyentlər elektron ərizələrdə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerlərini də seçə bilərlər.

Nağızadənin sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan ali məktəblərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qrupları üzrə ümumi balı 100-dən az olmayan, II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və ya IV qrupları üzrə ümumi balı 100-dən az olma­yan abituriyentlər iştirak edə bilərlər.

III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 100-dən az olmayan abituriyentlərə iştirak etmək imkanı verilib.

III ixtisas qrupu üzrə test imtahanı verən abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları altqrupun balı ilə iştirak edirlər.

Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələ­rinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 15-dək ixtisas kodu­nu seçir və "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir.

Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Xəbər lenti

Xəbər lenti