...

"İnter" klubu texniki məğlubiyyət və 21 min manatlıq cərimə ilə cəzalandırılıb

Cəmiyyət Materials 23 Avqust 2011 14:51 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi Bakının "İnter" klubunu cəzalandırıb.
"İnter" klubu texniki məğlubiyyət və 21 min manatlıq cərimə ilə cəzalandırılıb

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi Bakının "İnter" klubunu cəzalandırıb.

Trend-in məlumatına görə, AFFA-nın çərşənbə axşamı yaydığı məlumata görə, Unibank Premyer Liqasının III turunun "İnter" - "Bakı" matçında baş vermiş olayla bağlı "ev sahibi" olan klubun azarkeşləri tərəfindən meydana kənar əşya atıldığı üçün klub iki min manat cərimə olunub.

Bundan əlavə "İnter"in futbolçusu Georgi Lomaya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılıb, klub isə buna görə iki min manat məbləğində cərimələnib.

Klubun prezidenti Georgi Nikolov da cəzasız qalmayıb. O, icazəsiz meydançaya daxil olaraq komandanı oyundan çıxartmaqla matçı izləyənlərə hörmətsizlik etdiyi üçün 5 oyunluq cəza alıb, klub isə bu addıma görə beş min manat cərimə olunub.

Özbaşına meydançanı tərk edərək oyunu davam etdirməkdən boyun qaçırdığı üçün "İnter"ə 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 10 min manat cərimə edilib.

AFFA İntizam Komitəsi baş məşqçi Kaxaber Tsxadadzenin matçsonrası mətbuat konfransında iştirak etmədiyini də unutmayıb. Gürcü mütəxəssisin bu hərəkəti klubu min manat ziyana salıb.

"İnter" sarı vərəqə ilə cəzalandırılan altı futbolçusuna görə də min manat məbləğində cərimələnib.

Unibank Premyer Liqasının III turunun "İnter" - "Bakı" matçında "İnter" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin olduqdan sonra klubun prezidenti Georgi Nikolov meydançaya daxil olaraq komandanı oyundan çıxarıb. Hakimlər 10 dəqiqə gözləsələr də, "İnter"in futbolçuları meydana qayıtmayıblar və matç başa çatmayıb.

Xəbər lenti

Xəbər lenti