Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 707 qida zəhərlənməsi hadisəsi baş verib. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev deyib.
Onun sözlərinə görə, bu hadisələr nəticəsində 816 nəfər zəhərlənib.
Zəhərlənmə hallarının 18-i botulizm hadisəsidir.
Botulizm nəticəsində 36 nəfər zəhərlənib, onlardan 1-i dünyasını dəyişib.
Abdullayev deyib ki, bu il baş vermiş bütün zəhərlənmə hadisələri yalnız məişət şəraitində hazırlanmış məhsullardan baş verib.
Ötən il Azərbaycanda 644 qida zəhərlənməsi hadisəsi baş verib. Bu hadisələr nəticəsində 768 nəfər zəhərlənib. Zəhərlənmə nəticəsində 2 nəfər dünyasını dəyişib.