...

Əli Həsənov: Azərbaycanın nazirlikləri ərzaq təhlükəsizliyi probleminə ciddi yanaşmalıdırlar (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 21 Sentyabr 2011 11:07 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:35-də yayılıb)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın nazirlikləri ərzaq təhlükəsizliyi probleminə ciddi yanaşmalıdırlar. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Həsənov çərşənbə günü Bakıda ərzaq təhlükəsizliyi ilə bağlı keçirilən seminarda çıxışı zamanı deyib.

"Bu gün ölkə başçısı İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, Azərbaycan ərzaq qıtlığı problemi ilə rastlaşmayıb. Amma bu o demək deyil ki, həmin problemə səthi yanaşmaq lazımdır. Heç bir ölkə ərzaq qıtlığı təhlükəsindən sığortalanmayıb", - Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bir neçə ay öncə ərzaq təhlükəsizliyi ilə bağlı monitorinq aparılıb. Həsənov deyib ki, Azərbaycan hökuməti bu cür monitorinqin mütəmadi aparılmasında maraqlıdır.

Baş nazirin müavini dünyanın bir çox ölkələrində ərzaq qıtlığı probleminin olduğunu qeyd edib və bildirib ki, ölkəmiz hər zaman öz imkanlarına arxalanmalı, eyni zamanda mütərəqqi dünya təcrübəsindən də istifadə etməlidir.

BMT-nin məlumatına görə, bu gün dünyada 1 milyard insan aclıqdan və az qidalanmadan əziyət çəkir.

Həsənov Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı probleminin öz həllini tapmadığını xatırladıb.

"Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün problemi mövcuddur. Nə qədər ki, bu problemlər öz həllini tapmayıb, nə qədər ki, Azərbaycanda aztəminatlı insanlar var, nə qədər ki, ölkəmizdə yoxsulluq həddi sıfıra enməyib, təbii ki, bu istiqamətdə biz çox ehtiyatlı olmalıyıq", - Baş nazirin müavini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğal altında olması faktı qarşısında qaldığına görə, dünyadakı bütün problemlərə ayıq yanaşmaq lazımdır.

"Çox təəssüf edirik ki, dünya bizim problemimizə biganə yanaşır. Bəzi ölkələr haqqında qəbul olunmuş qərarlar bir-iki saatın içində icra edilir, ancaq bizim problemimiz barədə qəbul olunmuş qərar iyirmi ildir ki, icra olunmur. Bunu göz qabağına gətirərək bilməliyik ki, dar məqamda bizə heç kim dəstək olmayacaq. Ona görə də öz imkanlarımıza arxayın olmalıyıq", - Həsənov qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti