İkinci abzasdan sonra əlavə olunub (İlk xəbər 11:31-də yayılıb)
Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına görə deyil, eyni zamanda vicdan azadlığının təmin edilməsinə, tarixi abidələrimizin bərpasına və qorunmasına görə də regionun lider dovlətinə çevrilib. Trend-in məlumatına görə, bunu "Müstəqilliyimiz və milli mənəvi dəyərlərimiz" mövzusunda keçirilən "dəyirmi masa"da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.
Onun sözlərinə görə, ölkəmizin tolerantlıq nümunəsi olması, sivilizasiyların qovşağında yerləşməsi, dinlər və mədəniyyətlərarası dialoqun mərkəzində dayanması beynəlxalq təşkilatlar və din xadimlərinin də etiraf etdikləri həqiqətdir.
"Ölkəmizdə dini dözümlülük, tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib. Təəssüflə qeyd edilməlidir ki, ölkəmizdə fəaliyyət göstərən konfessiyalarda milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qruplar da mövcuddur", - Orucov bildirib.
Onun sözlərinə görə, dinlərin və etnik qrupların birgəyaşayışı sahəsində böyük tarixi təcrübəsi olan Azərbaycan xalqını belə kiçik təxribatçı qrupların öz yolundan döndərməsi, əsrlərlə formalaşmış ənənələri zədələməsi qeyri-mümkündür.
"Amma yenə də təxribatçı qrupların, qanunçuluğu pozan dini qurumların dövlətçiliyimizə və miilli maraqlarımıza zidd fəaliyyətini tamamilə zərərsizləşdirmk qarşımızda duran mühüm
vəzifələrdən biridir. Əmin ola bilərsiniz ki, dövlət vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alıb və bundan sonra da alacaq. Dindən siyasi məqsədlər üçün isyifadəyə çalışan, insanları radikallığa çağıran qüvvələrin fəaliyyətinin genişləndirilməsinə, dövlətçiliyimiz üçün təhlükə mənbəyinə çevrilməsinə, ölkədəki dini etiqad azadlğından sui-istifadəyə yol vermək olmaz", - Orucov əlavə edib.