...

Mahmud Kərimov: "Metsamor" AES-in yoxlanılmasında Azərbaycan nümayəndələri də iştirak etməlidirlər

Cəmiyyət Materials 29 Sentyabr 2011 12:09 (UTC +04:00)
Ermənistanda yerləşən "Metsamor" atom elektrik stansiyasının yoxlanılmasında Azərbaycan nümayəndələri də iştirak etməlidirlər.
Mahmud Kərimov: "Metsamor" AES-in yoxlanılmasında Azərbaycan nümayəndələri də iştirak etməlidirlər

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Ermənistanda yerləşən "Metsamor" atom elektrik stansiyasının yoxlanılmasında Azərbaycan nümayəndələri də iştirak etməlidirlər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.

O, bu məsələni Beynəlxalq Atom Enerjisi Agentliyinin baş konfransında da qaldırdığını qeyd edib.

"Erməni tərəfi deyir ki, "Metsamor" AES-i bu il ən azı 10 dəfə müxtəlif komissiyalar yoxlayıblar. Ancaq Komissiyanın yoxlamalarının nəticələri qonşu ölkələrə təqdim olunmur, yəni şəffaflıq yoxdur. Bu da düzgün deyil. Biz tələb edirik ki, şəffaflıq artırılmalıdır. Yoxlamaların nəticələri elan olunmalıdır. Həm Türkiyə, həm Gürcüstan, həm də Azərbaycan bu məlumatları bilməlidir", - Kərimov vurğulayıb.

AMEA prezidenti onu da bildirib ki, Yaponiyada AES-də baş verən qəzadan sonra Ermənistanda yerləşən "Metsamor" AES məsələsi də aktuallaşıb.

"Həqiqətən də, "Metsamor" AES regionumuz üçün böyük təhlükədir. Çünki o, heç bir Avropa standartlarına uyğun gəlməyən, öz resurslarını tükətmiş və köhnəlmiş bir stansiyadır. Avropa İttifaqı dəfələrlə bu stansiyanın bağlanmasını tələb edib. Ermənistan hökuməti bu gün stansiyanı işlədir və hətta yeni energetik stansiyanın qurulması haqqında da qərar qəbul edib", - o qeyd edib.

Kərimov bildirib ki, Metsamor AES dağlıq ərazidə yerləşir. Orada qəza baş versə, stansiyanın soyudulması üçün su çatışmazlığı yaranacaq və bu qəzanın qarşısını almaq da çətin olacaq.

"Ermənistanın elə bir maliyyə resursu yoxdur ki, qəzanın qarşısını ala bilmək üçün tədbirlər görsün", - AMEA rəhbəri deyib.

"Metsamor" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti