...

Bakı Ağ Şəhər layihəsi "Ən yaxşı şəhərsalma layihəsi" nominasiyasında mükafat alıb (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2011 16:53 (UTC +04:00)
"Cityscape Global" beynəlxalq daşınmaz əmlak sərgisində 120 ölkədən 1000-dən artıq şirkət və 60 min rieltor iştirak edib.
Bakı Ağ Şəhər layihəsi "Ən yaxşı şəhərsalma layihəsi" nominasiyasında mükafat alıb (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Cityscape Global" beynəlxalq daşınmaz əmlak sərgisində 120 ölkədən 1000-dən artıq şirkət və 60 min rieltor iştirak edib. Trend-in məlumatına görə, "Cityscape Awards" müsabiqəsinin finalına BƏƏ-nin (Traditional Suq in Shindagha, Dubai Municipality), Səudiyyə Ərəbistanının (Capital Gate, Johnson-Marshall & Partners) , Azərbaycanın (Baku White City), Hindistanın (D HOTEL, Sannjay Puri Architects Pvt Ltd) və Çinin (Shijiazhuang International Convention & Exhibition Center, Woods Bagot) layihələri vəsiqə qazanıblar.

Memarlıq və şəhərsalma sahəsində beynəlxalq ekspertlərdən ibarət olan müsabiqənin münsiflər heyəti Bakı Ağ Şəhər layihəsini ən yaxşı şəhərsalma layihəsi elan edib. "Cityscape Global 2011" sərgisinin iştirakçıları arasında dünyada ən böyük süni ada sayılan Dubayın "Palm Jumeira" layihəsi, dünyanın ən hündür göydələni olan "Burj Khalifa" binası, möhtəşəm "Down Town" kompleksi, Səudiyyə Ərəbistanının "Diplomatic Quarter" konsert kompleksi, Çinin "Run Run Shaw Kreativ" Media Mərkəzi, Sinqapurun "Fusionopolisi" və digər bu kimi dünya şöhrətli layihələr təmsil olunub.

27-29 sentyabrda Dubayın DICEC sərgi mərkəzində keçirilən daşınmaz əmlak və investisiya sahəsində ən iri tədbir olan "Cityscape Global 2011" beynəlxalq sərgisini Dubay əmirliyinin hakimi və BƏƏ-nin Baş naziri şeyx Məhəmməd ben Raşed Al Maktum rəsmi şəkildə açıb. Bakı Ağ Şəhər layihəsinin təltif olunma mərasimi həmin axşam məşhur "Madinat Jumeirah" hotelində təntənəli şam yeməyi zamanı keçirilib.

Bakının yeni müasir mərkəzinə çevriləcək Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq edilməsi haqqında fərmanının icrası çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən həyata keçirilir.

Bakı Ağ Şəhər layihəsi üzrə aparılan işlərə azərbaycanlı mütəxəssislərlə birgə "Atkins" (Böyük Britaniya), "Foster + Partners" (Böyük Britaniya) və "F+A Architects" (ABŞ) şirkətləri də cəlb olunub.

Layihə barədə daha ətraflı məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti