Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda vəkilliyə qəbul olmaq üçün sənəd vermiş və test imtahanından keçmiş namizədlərlə söhbət oktyabrın 20-də başlayacaq. Vəkillər Kollegiyasından cünə günü Trend-ə verilən məlumata görə, bu barədə qərar Kollegiyanın Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib.
Söhbət həftədə üç gün aparılacaq.
Müsabiqədə iştirak etmək üçün 605 nəfərin namizədliyi qeydə alınsa da, onlardan 74 nəfəri imtahana gəlməyib. İmtahanda namizədlərin 177 nəfəri 60 və daha çox bal toplayaraq ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar.
Müsabiqənin söhbət mərhələsi Vəkillər Kollegiyası tərəfindən aparılacaq.
Müsahibənin keçiriləcəyi yer və vaxt barədə namizədlərə qabaqcadan məlumat veriləcəyi bildirilir.
Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Şifahi müsahibə zamanı namizədlərə hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər.
Namizədin cavabları "məqbul" və ya "qeyri-məqbul" kimi qiymətləndirilir. Şifahi müsahibənin nəticələri hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra dərhal elan edilir.
Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Məlumata görə, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.
Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.