Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Qobustan həbsxanasının əməliyyat aparatı tərəfindən müəssisəyə mobil telefonların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 17-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1983-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 126.2.1; 120.2.4 maddələri ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əliyev Məhərrəm Ramiz oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu, vətəndaş Kərimov Sərdar Məmməd oğlunun gətirdiyi ərzaq məhsullarına və əşyalara baxış keçirilən zaman bir cüt qara rəngli kişi ayaqqabısının ayrı-ayrılıqda hər birində oyularaq düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.