...

Bakı məktəblərində yaş məhdudiyyəti ilə əlaqədar işdən azad edilmiş müəllimlərin sayı açıqlanıb

Cəmiyyət Materials 16 Noyabr 2011 17:35 (UTC +04:00)
Yaş məhdudiyyəti ilə əlaqədar indiyədək Bakının orta məktəblərində işləyən 2000-ə qədər müəllim işdən azad edilib.
Bakı məktəblərində yaş məhdudiyyəti ilə əlaqədar işdən azad edilmiş müəllimlərin sayı açıqlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Yaş məhdudiyyəti ilə əlaqədar indiyədək Bakının orta məktəblərində işləyən 2000-ə qədər müəllim işdən azad edilib. Bunu çərşənbə günü Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev deyib.

Onun sözlərinə görə, bu məsələ müntəzəm olaraq həyata keçirilir.

Sektor müdiri bildirib ki, 65 yaşı tamam olan hər hansı fənn müəlliminə il ərzində ciddi ehtiyacın olub-olmaması da əvvəlcədən nəzərə alınır və bu məsələ tənzimlənib.

Nəbiyev bildirib ki, hazırda Bakı məktəblərində Nazirlər Kabinetinin noyabrın əvvəlində təsdiqlədiyi "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar"ın şamil edilə biləcəyi müəllimlər işləmir.

"Bu meyarlar 70 yaşdan yuxarı olan kadrlara şamil olunacaq. 70 yaşı olanlar da artıq özləri işdən çıxıblar. Hazırda Təhsil İdarəsinin nomenklaturasında 70 yaşdan yuxarı işçi yoxdur", - Nəbiyev deyib.

Əmək Məcəlləsinə edilən yeni dəyişikliyə görə, dövlət müəssisələrində çalışmaq üçün son yaş həddi 65-dir.

Nazirlər Kabinetinin noyabrın 2-də təsdiqlədiyi qərara görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olmasıdır.

Xəbər lenti

Xəbər lenti