...

"Uşaq hüquqlarının təminində dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığı" mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 18 Noyabr 2011 17:43 (UTC +04:00)
Elmira Süleymanova BMT-nin Uşaq Fondu (YUNİSEF) və Əhali Fondunun ölkəmizdəki nümayəndəlikləri ilə birgə "Uşaqların hüquqlarının təmin olunmasında dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığı" mövzusunda "dəyirmi masa" keçirib.
"Uşaq hüquqlarının təminində dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığı" mövzusunda tədbir keçirilib

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin Uşaq Fondu (YUNİSEF) və Əhali Fondunun ölkəmizdəki nümayəndəlikləri ilə birgə "Uşaqların hüquqlarının təmin olunmasında dövlət qurumları və vətəndaş cəmiyyətinin əməkdaşlığı" mövzusunda "dəyirmi masa" keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, tədbirdə YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, o cümlədən Azərbaycan Qadın və İnkişaf Mərkəzi, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Ombudsman YUNİSEF-lə sıx, qarşılıqlı əlaqələrin yaradıldığını, bu nüfuzlu qurumun Azərbaycan nümayəndəliyi, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığı diqqətə çatdırıb. Qeyd edilib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın uşaq hüquqlarının təmin edilməsi, onların sağlamlığı, yüksək mənəvi və sosial mühitdə böyüməsi, layiqli vətəndaş kimi formalaşması istiqamətində həyata keçirdiyi davamlı tədbirlər böyük razılıq hissi ilə qarşılanır.

Mark Herevard ölkəmizdə uşaq hüquqları ilə bağlı fəaliyyətdən məmnunluğunu ifadə edib.

Sonra "Ahıllıq - uşaqların gözü ilə" uşaq rəsm və foto müsabiqələri, həmçinin "Ahıllıq cəmiyyətin gözü ilə" mövzusunda jurnalist yazıları müsabiqəsi qaliblərinin adları açıqlanıb.

Xəbər lenti

Xəbər lenti