...

Bakıda Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirəsinə həsr olunan tədbir keçirilib

Cəmiyyət Materials 21 Noyabr 2011 15:23 (UTC +04:00)
Noyabrın 21-i Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü kimi qeyd olunur.
Bakıda Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirəsinə həsr olunan tədbir keçirilib

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

Noyabrın 21-i Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü kimi qeyd olunur. Bu ildən etibarən xatirə günü Azərbaycanda da qeyri-rəsmi formada qeyd edilməyə başlanıb.

Trend-in məlumatına görə, bununla əlaqədər bazar ertəsi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Mərasimdə DYP əməkdaşları, millət vəkilləri, təhsil işçiləri, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, son 10 ayda yol qəzalarında 840 nəfərin həlak olması artıq müharibədir. "Sürücülərə qarşı qanunlar daha da sərtləşdirilməlidir. Hər bir sürücü məsuliyyətli olmalıdır. Son vaxtlar avtomobillərr ölüm maşınına çevriliblər", - tədbir zamanı qeyd edilib.

Yol qəzalarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra çıxış edən millət vəkili Elmira Axundova isə bildirib ki, sürücülük vəsiqələrinin verilməsi qaydaları və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərə qarşı qanun sərtləşdirilməlidir.

"Düşünürəm ki, piyadalarla bağlı qanunvericiliyə yenidən baxılmalı və qaydalar sərtləşdirilməlidir. Qadağan olunmuş yerdən keçən piyada bir dəfə cəzalandırılsa, bir daha bu əməli təkrar etməyəcək", - millət vəkili əlavə edib.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirib ki, ölümlə nəticələnən yol qəza hadisələrinin əksəriyyəti yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verir. Bu sırada piyadaların vurulması isə 50 faizdən çoxdur.

Rəsmi statistikaya əsasən, hər il Azərbaycanda 1000 nəfərə yaxın insan yol nəqliyyat hadisələrinin qurbanına çevrilir. Hər gün dünyada 3 min nəfərdən çox insan yol qəzalarında ölür. İl ərzində dünyada baş verən yol qəzalarında təxminən 1 milyon 300 min insan həlak olur, 50 milyon nəfər isə yaralanır.

Xəbər lenti

Xəbər lenti