...

"Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfans keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2011 12:14 (UTC +04:00)
"Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfans keçirilib
"Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatılığı ilə "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfans keçirilib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbirdə deyib ki, konfransın keçirilməsində məqsəd medianı cəmiyyətlə yaxınlaşdırmaq, bu sahədə olan problemləri onlarla birgə müzakirə etməkdir.

Tədbirdə Nərimanov rayonunun ziyalıları, müəssisə rəhbərləri, 35-ə yaxın qəzet redaktoru və informasiya agentliklərinin rəhbərləri iştirak edir.

Bundan əvvəl Suraxanı, Nizami, Səbail rayonlarında İcra hakimiyyətləri ilə birgə belə tədbirlər keçirilib.

"Çox zaman media nümayəndələrinin əsas şikayətləri bu olur ki, ilk mənbədən informasiya almaq çətinlikləri yaranır. Bizim də bu görüşü keçirməkdə məqsədimiz odur ki, yaxınlaşma olsun və bu sahədə problem yaranmasın. Bu tədbir yalnız iki tərəfin qarşılıqlı dialoqu əsasında keçiriləcək", - Səfərli bildirib.

Onun sözlərinə görə, müstəqil qəzetlərin sayı artıqca onların maliyyə vəsaitləri ilə təmin olunmasında da müəyyən çətinliklər yaranırdı. Bu və ya digər məsələləri nəzərə alınaraq, 2009-cu ildə müstəqil mətbuatın inkişafına dəstək məqsədilə KİVDF yaradılıb. Hər il KİVDF-yə dövlət tərəfindən müəyyən məbləğdə vəsaitlər ayrılır. Həmin vəsait müstəqil qəzetlərin inkişafı üçün nəzərdə tutulur.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə müstəqillik illərində Azərbaycan mətbuatının tarixindən danışıb. O bildirib ki, Azərbaycan müstəqilliyinin əldə edilməsində mətbuatın müəyyən rolu olub.

"Hər bir xalqın ictimai fikir tarixində mətbuat mühüm rol oynayır. Milli şüuru, fikri olmayan xalqın inkişafından söhbət gedə bilməz. Azərbaycanda milli şüur 1875-ci ildə "Əkinci" qəzetinin nəşri ilə başlayıb. 20 il əvvəl Azərbaycanın müstəqlliyinin bərpasında da ölkə mətbuatının mühüm rolu olub", - Amaşov qeyd edib.

Azərbaycanda artıq region jurnalistikasının inkişaf etməyə başladığını deyən MŞ sədri əlavə edib ki, artıq Azərbaycanda 20-ə yaxın televiziya fəaliyyət göstərir.

"Bir zamanlar televiziya əsas xəbər daşıyıcısı idisə, indi bunu xəbər portalları, agentliklər əvəz edib. Təbii ki, bunlar da başa düşüləndir. Çünki internet inkişaf edib. Media sahəsində də internet-media inkişaf edib", - Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti