...

Azərbaycanın orta məktəblərində şahmat fənninin tədrisi ilə bağlı detallar açıqlanıb

Cəmiyyət Materials 14 Dekabr 2011 12:29 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində şahmatın fənn kimi tədrisi üçün artıq pilot məktəblər və bu fənni tədris edəcək müəllimlər seçilib.
Azərbaycanın orta məktəblərində şahmat fənninin tədrisi ilə bağlı detallar açıqlanıb

Azərbaycan, Bakı, 14 dekabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində şahmatın fənn kimi tədrisi üçün artıq pilot məktəblər və bu fənni tədris edəcək müəllimlər seçilib. Bunu çərşənbə günü Trend-ə Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib.

Onun sözlərinə görə, şahmat fənninin tədrisi üçün ilkin mərhələdə 75 məktəb və 75 müəllim seçilib. Bu fənnin yanvardan II sinif şagirdləri üçün keçilməsi nəzərdə tutulur.

Şahmat fənni məktəblərdə həftə ərzində şagirdlərə 1 saat müddətində öyrədiləcək.

"Buna görə də hələlik məktəb üzrə 1 müəllim şahmatın tədrisi üçün kifayət edir. Yanvardan hələlik yalnız II siniflər üçün bu fənn keçiləcək. Bu iş sonra davam etdiriləcək. II sinifdə aparılan şahmat fənninin tədrisinin may-iyun aylarında monitorinqi keçiriləcək və nəticələri təhlil ediləcək. Onun əsasında da növbəti qərar qəbul ediləcək", - İbrahimov qeyd edib.

O əlavə edib ki, pilot məktəblərdə şahmatın tədrisi üçün şagirdlər arasında seçim aparılmayacaq. Seçilmiş pilot məktəbdəki bütün II sinif şagirdlərinə şahmat dərsi keçiləcək.

"Şahmat məktəblərdə dərnək kimi deyil, fənn kimi tədris ediləcək", - şöbə müdiri bildirib.

Azərbaycanın təhsil naziri Misir Mərdanov respublikanın rayon və şəhərlərində seçilmiş bir ümumtəhsil məktəbində şahmat dərslərinin tədris olunması barədə əmr verib. Əmrdə bu, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlərdən biri kimi qeyd edilir.

Şahmat dərslərinin təşkilində məqsəd Dövlət Proqramında nəzərdə tutulan tədbirləri həyata keçirmək, respublikamızda şahmat idman növünü daha da inkişaf etdirmək, şagirdlərin intellektual səviyyəsini yüksəltmək, şahmatın kütləviliyinə nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti