...

Baş Prokurorluğun şöbəsinin sürücüsü tərəfindən törədilmiş cinayət barədə məlumatlara aydınlıq gətirilib

Cəmiyyət Materials 22 Dekabr 2011 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Baş Prokurorluğun Maddi-Texniki təminat şöbəsində mütəxəssis (sürücü) vəzifəsində işləyən İsmayılov Alış Gülüş oğlu tərəfindən törədilmiş cinayət hadisəsi barədə bəzi KİV-lərdə yayılmış informasiyalara aydınlıq gətirib.

Sultanov cümə axşamı Trend-ə bildirib ki, 20 dekabr 2011-ci il tarixdə Baş Prokurorluğun Maddi-Texniki təminat şöbəsində mütəxəssis (sürücü) vəzifəsində işləyən İsmayılov Alış Gülüş oğlu saat 11:30 radələrində qızı - 1987-ci ildə anadan olmuş Gilə Sultanzadənin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evə gələrək aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı bıçaqla vuraraq, ona ağır nəticələrə səbəb olmayan xəsarətlər yetirib.

Sultanzadə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, hazırda onun vəziyyəti qənaətbəxşdir.

İsmayılov hadisədən dərhal sonra Suraxanı rayon Polis İdarəsinə könüllü gələrək, törətdiyi cinayət əməli barədə məlumat verərək cinayətdə istifadə etdiyi bıçağı polisə təqdim edib.

Fakta görə həmin tarixdə Suraxanı rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, İsmayılov şübhəli şəxs qismində tutulub. Dekabrın 22-də İsmayılova həmin maddə ilə ittiham elan olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İsmayılov cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsi səbəbindən Baş Prokurorluq üzrə müvafiq əmrlə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilib.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti