...

Dövlət Komitəsi: Bakıda "Qurangah" adlandırılan ibadətxana icazəsiz fəaliyyət göstərir

Cəmiyyət Materials 11 Yanvar 2012 14:43 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Qurangah" adlandırılan ibadətxananın icazəsiz fəaliyyət göstərdiyini açıqlayıb.
Dövlət Komitəsi: Bakıda "Qurangah" adlandırılan ibadətxana icazəsiz fəaliyyət göstərir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Qurangah" adlandırılan ibadətxananın icazəsiz fəaliyyət göstərdiyini açıqlayıb.

Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Yasamal küçəsi, 37 ünvanda yerləşən Hüseyniyyə ("Qurangah") adlandırılan ibadətxana əslində "Azərbaycan Karlar Cəmiyyəti"nin 4 saylı Tədris-İstehsalat Müəssisəsidir. Namazxana Cəmiyyət rəhbərliyinin razılığı olmadan fəaliyyət göstərib.

"Belə ki, cəmiyyətin prezidenti Tapdıq Xalıqov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktubla müraciət edərək "Qurangah"ın yerləşdiyi sahənin cəmiyyətin balansında olduğunu və ibadətxananın hər hansı sənəd olmadan fəaliyyət göstərdiyini, hətta qarşısında nəzir qutuları quraşdırılaraq qanunsuz pul əldə edildiyini bildirib. Məktubda qeyd olunub ki, "Azərbaycan Karlar Cəmiyyəti"nin Mərkəzi İdarəsinin nəzdində fəaliyyət göstərən Daimi Komissiya dəfələrlə həmin əraziyə baxış keçirib, "Qurangah" adlanan həmin sahənin qanunvericiliyin tələblərinə uyğun olmasını təsdiq edən sənədlərin təqdim edilməsinin tələb olunmasına baxmayaraq, sənədlər Komissiyaya təqdim edilməyib, həmin sahənin fəaliyyətinin dayandırılmasına dair göstərişlərə məhəl qoyulmayıb", - Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata görə, müraciətdə "Qurangah"ın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı ilə bağlı məlumat verilməsi xahiş olunub.

"Dövlət Komitəsinin "Azərbaycan Karlar Cəmiyyəti"nə cavab məktubunda həmin ünvanda hər hansı dini icmanın dövlət qeydiyyatından keçmədiyi və bu səbəbdən "Qurangah"ın fəaliyyətinin qanunazidd olduğu qeyd edilib. Çünki "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən, dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən, həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər", - məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti