...

Ötən il Azərbaycanda DYP əməkdaşları 890 mindən çox yol hərəkəti qayda pozuntusu aşkar ediblər

Cəmiyyət Materials 17 Yanvar 2012 20:27 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Ötən il Azərbaycanda DYP əməkdaşları 890 mindən çox yol hərəkəti qayda pozuntusu aşkar ediblər

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Baş Dövlət Yol Polisi İdarəsində 2011-ci il ərzində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

DİN-in mətbuast xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov məruzə ilə çıxış edib.

Qeyd olunub ki, 2011-ci il ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 892 min 409 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 18 min 233, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 100 min 755, ötmə qaydalarının pozulması üzrə 13 min 940 fakt aşkar ediblər.

Hərəkətin təhlükəsizliyinin təmini ilə yanaşı, yollarda baş vermiş digər cinayət hallarına qarşı mübarizə sahəsində də bir sıra işlər görülüb, DYP əməkdaşları tərəfindən 12 ədəd Kalaşnikov avtomatı, 4 tüfəng, 6 tapança, 1 əl qumbarası, 1429 ədəd müxtəlif çaplı patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib. Polisin digər xidmətləri ilə birgə 36 fakt üzrə 43 kiloqramdan çox narkotik maddə aşkar olunub. 2011-ci il ərzində Baş İdarəyə 181 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan da 168-i tapılıb.

O da qeyd olunub ki, ötən il 73 min 337 avtomobil ilkin qeydiyyata alınıb, respublikanın avtomobil parkının sayı 1 milyon 49 mindən artıq olub. Qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 65 nəfər və 258 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 412 fakt aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışın keyfiyyətinin yüksəldilməsi məqsədilə 15 cərgəlik ən müasir tələblərə cavab verən yeni diaqnostika stansiyası istifadəyə verilib.

Təəssüflə bildirilib ki, ötən il yol-nəqliyyat hadisələrinin, bu zaman ölən və yaralananlarının sayının artması da qeydə alınıb. Belə ki, il ərzində respublika ərazisində 2890 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1016 nəfər həlak olub, 3031 nəfər yaralanıb. 2010-cu illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 169 (6,2 faiz), həlak olanların sayı 91 nəfər (9,8 faiz), yaralananların sayı isə 160 nəfər (5,6 faiz) artıb.

Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,6 faizi (2707) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 45 faizi (1302) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,2 faizi (671) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 3 faizi (88) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Hadisələrin 38,7 faizini (1119) piyadaların vurulması təşkil edib, nəticədə 392 piyada həlak olub, 803-ü yaralanıb.

Ölkə başçısının DYP xidmətinə olan diqqət və qayğısına, sosial problemlərin həllinin daim nəzarətdə saxlanmasına, müvafiq fərmanla cərimələrdən toplanmış maliyyə vəsaitinin 25 faizinin aylıq vəzifə maaşlarına əlavə edilməsinə baxmayaraq, hələ də bəzi əməkdaşlar tərəfindən xidmətdə neqativ hərəkətlərə yol verildiyi təəssüflə qeyd edilib. Ötən il bu və digər nöqsanlara görə 697 əməkdaş cəzalandırılıb, 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 20 əməkdaş isə tutduğu vəzifədən azad olunub.

Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov Dövlət Yol Polisi xidmətinin hərəkətin təhlükəsizliyinin təmin olunmasında mühüm funksiyalar həyata keçirdiyini, şəxsi heyətin bu yöndə qarşıya qoyulan vəzifələrin öhdəsindən ümumən gəldiyini bildirib, lakin bəzi nöqsan və çatışmazlıqların da olduğunu xatırladıb, onların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti