Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir İ.İsabalayeva/
"Eurovision 2012"-də Azərbaycan təmsilçisinin seçilməsi üzrə keçirilən milli seçim turunun yarışma həftələri yanvarın 28-də başa çatacaq.
Trend-in "Eurovison-2012" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sabah İctimai Televiziyanın efirində milli seçimlərin sonuncu yarımfinalçısı seçiləcək.
Bundan sonra milli seçim həftələrinin qalibləri yarımfinal mərhələsində mübarizə aparacaqlar. Yarımfinalın başlanma tarixi əvvəlcədən elan olunacaq.
İTV-nin efirində milli seçim turlarına ötən il noyabrın 28-də start verilib. Hər həftə seçimlərdə 9 ifaçı çıxış edib. Tamaşaçı və münsiflər heyətinin səsverməsi nəticəsində hər həftə bir ifaçı növbəti mərhələyə vəsiqə qazanıb. Artıq yarımfinal mərhələsinin 7 iştirakçısı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı və Səbinə Babayevadır. Sonuncu yarımfinalçının adı sabah bəlli olacaq.