Azərbaycan, Bakı, 28 yanvar /Trend/
"Eurovision 2011" mahnı müsabiqəsinin qalibləri Nigar və Camal Maltanın "Eurovision 2012" milli seçimlərində iştirak edəcək.
Trend-in şənbə günü müsabiqənin Azərbaycan üzrə rəsmi saytına istinadən yaydığı məlumata görə, "Eurovision 2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal fevralın 2-dən 6-dək Maltaya səfər edəcək. Onlar Maltanın "Eurovision 2012" üçün milli seçimlərində münsiflər heyətinin tərkibində təmsil olunurlar. Eldar və Nigar seçimlərdə münsif qismində iştirak etmək üçün Maltanın müsabiqə üzrə milli yayımçısı tərəfindən təklif alıb.
"Eurovision" mahnı müsabiqəsinin şərhçisi və tanınmış aparıcı Hüsniyə Məhərrəmova isə bu seçimlərdə qonaq qismində iştirak edəcək.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. Müsabiqənin qaydalarına əsasən, 5 ölkə - Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.