Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir M.Əliyev/
2011-ci ildə ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında artım müşahidə olunub ki, bu da bizi narahat etməyə bilməz. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublika Baş Dövlət Yol Polisi idarəsinin rəisi, general-mayor Ramiz Zeynalov "Azərbaycan" qəzetində dərc edilən müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən il respublika ərazisində 2890 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1016 nəfər həlak olub, 3031 nəfər isə yaralanıb. 2010-cu illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 6,2 faiz (169 fakt), həlak olanların sayı 9,8 faiz (91 nəfər), yaralananların sayı isə 5,6 faiz (160 nəfər) artıb. Zeynalov həmçinin qeyd edib ki, 2010-cu illə müqayisədə ölkə ərazisində nəqliyyatın sayının 73 mindən çox artmasını da nəzərə alınmalıdır.
"Yol hərəkətinin təhlükəsizliyinin təbliğinə, yol hərəkəti qaydalarının öyrənilməsinə ibtidai təhsil müəssisələrindən başlayaraq orta məktəblərdə, tələbə auditoriyalarında, müəssisə və təşkilatlarda, iri kollektivlərdə ciddi önəm verilməli, əhalinin bu sahədə maarifləndirilməsinə hamılıqla çalışmalıyıq", - o deyib.
Zeynalovun sözlərinə görə, təhlillərlə müəyyən olunub ki, 2011-ci il ərzində respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 45 faizi, yəni 1302 fakt nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.
"Göründüyü kimi, birbaşa sürücülərin məsuliyyətsizliyinin nəticəsi olan bu qayda pozuntusu artıq kütləvi hal alıb və hər iki hadisədən birinin törənmə səbəbidir. Yaxud yol-nəqliyyat hadisələrinin 23,2 faizi, yəni 671 fakt ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma səbəbindən baş verir. Bu da olduqca böyük rəqəmdir", - o deyib.
Baş Dövlət Yol Polisi idarəsinin rəisi bildirib ki, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması faktı bu kimi hadislərin 3 faizini təşkil etsə də, bu rəqəm də əhəmiyyətsiz sayıla bilməz. "Çünki sərxoş sürücülər tərəfindən törədilmiş 88 yol-nəqliyyat hadisəsi nəticəsində 34 nəfər həlak olub, 91 nəfər yaralanıb", - o deyb.
Zeynalov deyib ki, hadisələrin 38,7 faizinini, yəni 1119 faktı piyadaların vurulması təşkil edir. "Nəticədə ötən il 392 piyada həlak olub, 803-ü isə yaralanıb. Bu hadisələrin əksərinin baş verməsində sürücülərlə yanaşı piyadaların da təqsiri var", - o deyb.
O qeyd edib ki, müşahidələrə əsasən yol nəqliyyat hadisələrinin baş verməsinə təsir göstərən amillərdən ən əsası avtomobillərin texniki problemlərinin olması, istismara uyğun gəlməmələridir.
"Bu gün ölkəmizdə 1 milyon 49 mindən artıq avtomobil var. Təkcə ötən il ərzində 73 min 337 avtomobil ilkin qeydiyyata alınıb. Yəni, respublikanın avtomobil parkının sayı dinamik artır. Ancaq təəssüf ki, texniki istismar tələbləri ilə bağlı dünyanın müasir standartlarına uyğun gəlməyən, 15-20 il öncə artıq köhnəlmiş sayılan texniki göstəricilər üzrə istehsal olunan avtomobillər ölkəmizdə çoxluq təşkil edir", - Baş Dövlət Yol Polisi idarəsinin rəisi deyb.
Zeynalovun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində məlum olur ki, bu avtomobillərin texniki xarakteriskasının köhnəlməsi və istismara uyğun olmaması, xüsusən də əyləc sisteminin müasir texniki standartlara cavab verməməsi qəzaların törənməsinə səbəb olur.
"Həmçinin belə avtomobillərin təhlükəsizlik göstəricilərinin aşağı səviyyədə olması, avtomobildə passiv təhlükəsizliyin qorunması üçün qurğuların, təhlükəsizlik yastıqlarının olmaması, kuzovlarının kövrək metaldan hazırlanması isə qəzaların ölüm və yaralanma halları ilə nəticələnməsinə rəvac verir. Bir məsələni də nəzərinizə çatdırım ki, texniki cəhətdən nasaz və qoruyucu qurğuları olmayan nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri zamanı əzilməsi nəticəsində salonda olan insanların xəsarət alma riski texniki cəhətdən saz və qoruyucu qurğuları olan nəqliyyat vasitələrinə nisbətdə dəfələrlə çoxdur", - o deyb.