...

Azərbaycanda gənc, istedadlı müəllimlərlə bağlı stimullaşdırıcı tədbirlərin icrasına başlanacaq

Cəmiyyət Materials 13 Fevral 2012 16:20 (UTC +04:00)
Təhsil Nazirliyi yaxın vaxtlarda ölkənin ümumtəhsil müəssisələrində dərs deyən gənc, istedadlı müəllimlərlə stimullaşdırıcı tədbirlər həyata keçirməyə başlayacaq.
Azərbaycanda gənc, istedadlı müəllimlərlə bağlı stimullaşdırıcı tədbirlərin icrasına başlanacaq

Azərbaycan, Bakı, 13 fevral /Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi yaxın vaxtlarda ölkənin ümumtəhsil müəssisələrində dərs deyən gənc, istedadlı müəllimlərlə stimullaşdırıcı tədbirlər həyata keçirməyə başlayacaq. Bunu bazar ertəsi Trend-ə Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.

Onun sözlərinə görə, istedadlı müəllimlər üçün treninqlərin, zona müşavirələrinin keçirilməsi, onların qabaqcıl dərs təcrübəsini öyrənməsi nəzərdə tutulur.

"Stimullaşdırıcı tədbirlər kimi, ilk növbədə, həmin müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilməsi nəzərdə tutulur. Yəni onların qabaqcıl müəllim olmasını şərtləndirən keyfiyyətlər hansılardır, onların malik olduqları yüksək bacarıqları başqalarına necə ötürmək olar və s." - Əhmədov qeyd edib.

O deyib ki, artıq gənc, istedadlı müəllimlərin ilkin siyahısı hazırdır. Bu siyahıya 300-ə yaxın gənc, istedadlı müəllimin adı daxil edilib. Siyahıya daxil olan gənc, istedadlı müəllim barəsində ictimaiyyətdə, işlədiyi kollektivdə yaxşı rəy formalaşması vacib şərtlərdən biridir. Hazırda siyahılarda müəyyən dəqiqləşdirmələr aparılır.

"Yerlərə istedadlı müəllimlərin sayı ilə bağlı yenidən dəqiqləşdirmələrin aparılması üçün tapşırıqlar vermişik. Çünki bizim üçün bəzi məsələlər qaranlıq qalıb. Elə rayonlar var ki, istedadlı müəllimlərin sayını az, eləsi isə çox verib. Ona görə də biz yerlərə yenidən hansı kateqoriyalı müəllimlərin bu siyahıya daxil olması barədə izahat verməyə məcbur olduq", - Əhmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti