...

Səyyar sığınacaqlarda 105 nəfərə müvafiq xidmətlər göstərilib (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2012 17:37 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevralın 10-dan etibarən Bakı şəhərinin Nərimanov, Nəsimi, Xətai, Xəzər və Nizami rayonlarında yaradılmış səyyar sığınacaqlarda 105 nəfərə müvafiq xidmətlər göstərilib.
Səyyar sığınacaqlarda 105 nəfərə müvafiq xidmətlər göstərilib (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fevralın 10-dan etibarən Bakı şəhərinin Nərimanov, Nəsimi, Xətai, Xəzər və Nizami rayonlarında yaradılmış səyyar sığınacaqlarda 105 nəfərə müvafiq xidmətlər göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, kKəskin hava şəraiti səbəbindən yaşayış yerinə getməkdə, o cümlədən rayondan Bakıya gələrək yenidən rayona qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar iş görənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.), yaxud müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar bu sığınacaqlara gələrək 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin edilirlər.

Paytaxtın bu və ya digər yerində olmasından asılı olmayaraq, ehtiyac duyan hər hansı şəxs özü gələ bilmədikdə belə, 142 - Qaynar xətt vasitəsilə, yaxud müvafiq icra orqanlarının məlumatları əsasında həmin şəxslərin yeri müəyyən olunur və onlar qısa müddət ərzində sığınacaqlara gətirilir, onlara qeyd olunan xidmətlər göstərilir.

Sığınacaqlar Bakının Nərimanov rayonunda, Şərq bazarının yaxınlığı, Xətai prospekti, 11, Nəsimi rayonunda Nəsimi bazarının yaxınlığı, S.Rüstəm küç., 69, Xətai rayonunda Bakı kinoteatrının qarşısı, Sarayev küç., 20, Xəzər rayonunda Xəzər bazarının yaxınlığı, A.İldırım küç., 18 və Nizami rayonunda "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığı, Q.Qarayev küç., 118 ünvanlarında yerləşir.

Fevralın 13-dək sığınacaqlarda ümumilikdə 105 nəfər isti qidalarla, istiliklə, lazım olduqda tibbi xidmətlə təmin olunub. Onlardan 34 nəfər, o cümlədən 25 nəfər yaşayış və ya gecələmək üçün yeri olmayan şəxs (bomj) sığınacaqlarda gecələyib.

142 - Qaynar xətt vasitəsilə olduqları yer haqqında məlumat alınmaqla gətirilib sığınacaqlarda yerləşdirilənlərin sayı 11 nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti