...

Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulunun gecikməsinin səbəbi açıqlandı

Cəmiyyət Materials 14 Fevral 2012 12:48 (UTC +04:00)
Mətbuat Şurasının İdarə Heyətinin üzvü hesab edir ki, "Diffamasiya haqqında" qanunun qəbul olunmasını reket jurnalistikasının mövcudluğu ləngidir.
Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulunun gecikməsinin səbəbi açıqlandı

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Mətbuat Şurasının İdarə Heyətinin üzvü hesab edir ki, "Diffamasiya haqqında" qanunun qəbul olunmasını reket jurnalistikasının mövcudluğu ləngidir.

"Biz çalışırıq ki, qanun qəbul olunsun. Reket jurnalistikası ilə bağlı Azərbaycanın mətbuat sahəsində bir qayda-qanun yaradılsın. Lakin bu qanunu ləngidən reket jurnalistikasının mövcudluğu və insanların haqsız olaraq qəzetlərin hücumuna məruz qalması, onların şərəf və ləyaqətinin əsassız şəkildə qəzet səhifələrində təhqir olunması və bu cür qəzetlərin ancaq korporativ maraqlardan çıxış etməsidir", - bunu çərşənbə axşamı Trend-ə açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.

O qeyd edib ki, bununla bağlı MŞ-nin sistemli tədbirləri və həmçinin "Qara siyahı"sı var. Sadıqov hesab edir ki, bu məsələyə ictimaiyyət də kifayət qədər dəstək verməlidir.

"Yəni tək MŞ-nin gücü ilə bu məsələni həll etmək çətindir. Biz reket jurnalistikasını tam olmasa da, qismən sıradan çıxarda bilsək, onları mətbuatın prinsiplərinə, jurnalistin peşə davranışı qaydalarına uyğun fəaliyyətə yönəldə bilsək, onda "Diffamasiya haqqında" qanunun qəbul olunmasında elə bir problem olmayacaq", - Sadıqov bildirib.

MŞ-yə əlavə səlahiyyətlərin verilməsinə də toxunan Sadıqov vurğulayıb ki, əgər reket jurnalistikası aradan çıxsa, heç MŞ-yə əlavə səlahiyyətlərin verilməsi lazım deyil.

O, bildirib ki, MŞ qəzet bağlayan qurum deyil, əksinə qəzetlərə yardım göstərən bir təşkilatdır.

"Reket jurnalistikası ilə mübarizəyə çox böyük qüvvə sərf edirik. Əgər bu problem aradan qalxarsa, bu qüvvəmizi də Azərbaycan mətbuatının problemlərinin həllinə yönəldəcəyik. Ən vacib problemlər peşəkarlığın yüksəldilməsidir, mətbuatın maddi durumunu yüksəltmək üçün reklam bazarının formalaşdırılmasıdır", - Sadıqov qeyd edib.

Xəbər lenti

Xəbər lenti