Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/
28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildiyindən toplanmış materilalar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə dair hesabat çıxışında ədliyyə nazirinin müavini Vilayət Zahidov bildirib.
Onun sözlərinə görə, göndərilən materiallardan 15-i üzrə cinayət işi başlanıb, digərləri üzrə araşdırmalar davam etdirilir.
"Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci il ərzində 5483,16 ha torpaq sahəsinin qanunsuz verilməsi faktları müəyyən edilib və bələdiyyələrin mülkiyyətinə qaytarılması təmin olunub", - Zahidov əlavə edib.
O bildirib ki, ümumiyyətlə il ərzində bələdiyyələr tərəfindən qəbul edilmiş 31 974 akt ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib, bu da ötən illə müqayisədə 20 faiz çox olub.
"Bələdiyyələrə yol verilmiş hüquq pozuntularının gələcəkdə təkrarlanmaması məqsədilə 3529 tövsiyə verilib, 1646 bələdiyyə aktında hüquq pozuntusuna yol verilməsi aşkar olunaraq onların ləğv edilməsi və ya dəyişdirilməsi təklif olunub", - Zahidov qeyd edib.
Azərbaycanda 28 bələdiyyə barədə prokurorluğa müraciət olunub
28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edildiyindən toplanmış materilalar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
