...

Məleykə Abbaszadə: Azərbaycanda 12 illik orta təhsil sisteminə kecid üçün pilot variantlar hazırlanmalıdır

Cəmiyyət Materials 7 Mart 2012 12:57 (UTC +04:00)
Azərbaycanda 12 illik orta təhsil sisteminə keçid üçün ilkin olaraq pilot variantlar hazırlanmalıdır.
Məleykə Abbaszadə: Azərbaycanda 12 illik orta təhsil sisteminə kecid üçün pilot variantlar hazırlanmalıdır

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 12 illik orta təhsil sisteminə keçid üçün ilkin olaraq pilot variantlar hazırlanmalıdır. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

12 illik tədris prosesinə keçməyi dəstəklədiklərini deyən Abbaszadə bildirib ki, bu prosesə keçid 1998-ci ildə ali məktəblərdə ikipilləli təhsil sisteminə keçid kimi baş verməməlidir.

"Mən istəməzdim ki, biz 1998-ci ilin hadisəsini təkrarlayaq. Həmin il birdən elan olundu ki, artıq Azərbaycan ikipilləli ali təhsilə keçir, magistratura tətbiq olunur. Mexaniki olaraq 4 il oxuyan uşaqlara təklif olundu ki, 2 il də magistraturada oxusunlar. Magistraturanın məzmunu isə tamamilə fərqli olmalı idi", - Abbaszadə deyib.

TQDK sədri qeyd edib ki, hələlik 12 illik təhsillə bağlı iş görülməyib, tam araşdırmalar yoxdur, yaxşı və pis cəhətlər müəyyən olunmayıb, iş planı qurulmayıb. Amma artıq cəmiyyətə mesaj verilir ki, bu sistem qəbul ediləcək və bu, yaxşı olacaq. Bunu düzgün saymayan Abbaszasə hesab edir ki, əvvəlcə müəyyən araşdırmalar aparılmalı, pilot variantlar hazırlanmalıdır.

"12 illik təhsil sisteminə keçid hələ müzakirə olunur. Belə layihəni həyata keçirmək üçün çox ciddi araşdırmalar aparmaq lazımdır. Bu prosesə mərhələ-mərhələ keçmək lazımdır. Əvvəlcədən hər mərhələni hazırlayandan sonra elan etmək lazımdır ki, hansı ildən və hansı siniflərdən biz bu sistemə keçirik. Bununla əlaqədar orta məktəb proqramlarında, metodik vəsaitlərdə ciddi dəyişiklik etmək lazımdır", - TQDK sədri bildirib.

O deyib ki, 12 illik təhsilə keçidlə əlaqədar qəbul imtahanlarının modeli ilə bağlı danışmaq hələ tezdir.

"Təhsil siyasət sahəsi kimidir. Siyasətdə də bəzən müəyyən insanlar uğur qazanmaq üçün populist fikirlər söyləyirlər. Təəssüflər olsun ki, bu metodika təhsilə də keçib. Əvvəlcə elmi müzakirələr olmalıdır. Bundan qabaq isə orta məktəblərin vəziyyəti ilə bağlı araşdırmalar aparmaq lazımdır. İki mənbə var ki, biz onun nəticələrinə inana bilərik. Bunlardan biri qəbul imtahanlarının nəticələridir. 65 faiz məzun bu imtahanlarda iştirak edir və biz yalnız bu məzunların bilik səviyyələri haqqında nə isə deyə bilərik. İkinci bir araşdırma isə PİSA-nın (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) rəyidir", - Abbaszadə bildirib.

Xəbər lenti

Xəbər lenti