Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada humanitar sahənin inkişafına, beynəlxalq humanitar hüququn insanlar arasında aşılanmasına, könüllülük siyasətinin daha da genişlənməsinə xüsusi diqqət yetirir.
Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Trend-ə bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əsas məramı əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə, məcburi köçkünlərə, bir sözlə, insanların qayğıya həssas təbəqəsinə təmənnasız tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir.
Cəmiyyətin ölkədə müxtəlif sosial-tibbi, humanitar və digər layihələri uğurla həyata keçirdiyini deyən Aslanov bildirib ki, müxtəlif mövzularda aparılan maarifləndirmə işləri əhalinin sağlamlığının, fəlakətlər zamanı davranış qaydalarının, ilk yardım və digər vərdişlərin mənimsənilməsində əhəmiyyəti rol oynayır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çoxsahəli fəaliyyətinə diqqət yönəldən millət vəkili bildirib ki, bu fəaliyyətlər sırasında fövqəladə hallara hazırlıq və cavabvermə, sağlamlıq və qayğı, qan donorluğu, ilk yardım, HİV-AİDS-ə qarşı maarifləndirmə, axtarış xidməti, mina təhlükəsinə qarşı fəaliyyət (uşaqlar üçün Təhlükəsiz Oyun Meydançalarının tikintisi) xüsusi yer tutur.
Cəmiyyətin ölkədə baş verən fövqəladə hallar zamanı zərərçəkmişlərə göstərdiyi yardımdan danışan Aslanov deyib ki, qurum bu hallarda zərərçəkmiş insanlara imkan daxilində tələb olunan ilkin humanitar yardım göstərir. Evi yanmış vətəndaşlara müəyyən ev avadanlıqları, əşyaları ilə yardım edilir. Onlara psixoloji yardım, ərzaq yardımı göstərilir, çadır paylanılır.
Türkiyənin Van vilayətində zəlzələdən zərər çəkmişlərə göstərilən kömək barədə danışan Aslanov deyib ki, bu məqsədlə keçirilən aksiya zamanı 40 min ABŞ dollarından artıq maddi yardım toplanılıb və zəlzələdən zərər çəkənlərə göndərilib.
Onun sözlərinə görə, həmin aksiyada iştirak edən 30-a yaxın şəxs Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətləri tərəfindən fəxri fərmanla təltif olunub.
Aslanovun sözlərinə görə, Cəmiyyət cəbhə xəttindəki yaşayış sahələrində Təhlükəsiz Oyun Meydançaları yaradır. Belə ki, minalardan təmizlənmiş ərazilərdə uşaqlar üçün oyun meydançaları yaradılır.
O qeyd edib ki, Cəmiyyət fandreyzinq layihəsini həyata keçirir. Dünya təcrübəsində qəbul edilimiş bu layihə çərçivəsində Ticarət Mərkəzlərinə xüsusi qutular yerləşdirilir. İnsanlardan toplanan bu vəsait çox şəffaf şəkildə aktlaşdırılır, qeydiyyata alınır və müvafiq layihələrə - xəstə uşaqların müalicəsinə, gənclərin təhsil almasına xərclənir.
Cəmiyyətin yaranması ildönümü ilə əlaqədar olaraq AzQAC tərəfindən Azərbaycan Pedaqoji Universitetində qanvermə aksiyası keçirilib.
Martın 12-də isə Cəmiyyətin könüllüləri böyük ağacəkmə kampaniyasına başlayacaqlar; aeroport şosesinin kənarındakı ərazidə ağaclar əkəcəklər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti özündə 290 mindən artıq üzvü, 17 minə yaxın könüllünü birləşdirir.
2008-ci il aprelin 7-də Prezidentin imzaladığı sərəncama uyğun olaraq, hər il martın 10-u respublikada Qızıl Aypara Günü kimi qeyd olunur. Bu il də bayram ərəfəsində silsilə tədbirlər həyata keçirilir.