...

Ötən il Azərbaycanda peşə təhsili müəssisələrində oxumaq istəyənlərin çoxu oğlanlar olub

Cəmiyyət Materials 16 Mart 2012 10:24 (UTC +04:00)
Ötən il Azərbaycanda peşə ixtisas təhsili müəssisələrində oxumaq üçün müraciət edənlərin çoxu oğlanlar olub.
Ötən il Azərbaycanda peşə təhsili müəssisələrində oxumaq istəyənlərin çoxu oğlanlar olub

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir İ.İsabalayeva/

Ötən il Azərbaycanda peşə ixtisas təhsili müəssisələrində oxumaq üçün müraciət edənlərin çoxu oğlanlar olub.

Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, 2011-2012-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 20 818 nəfər müraciət edib. Müraciət edənlərdən 13840 nəfəri oğlan, 6978 nəfəri qız olub. Bunlardan da 7497 nəfəri (36%) 14-16, 7603 nəfəri (36,5%) 17-20, 4367 nəfəri (21%) 21-30 yaş arasında, 1351 nəfəri isə (6,5%) 31 yaşdan yuxarı olub.

Müraciət edənlərdən 17280 nəfəri ilk peşə-ixtisas təhsili
müəssisələrinə ilk dəfə müraciət edib. Bundan əlavə, müraciət edənlərdən 3150 nəfəri (15,1%) hərbi xidmətdən sonra, 1894 nəfəri (9,1%) ali və ya orta-ixtisas təhsili müəssisələrinə qəbul olunmadıqdan sonra, 1680 nəfəri (8,1%) əvvəllər iş təcrübəsi olanlar, 429 nəfəri isə (2,1%) hazırda işləyənlər olub.

2011-2012-ci dərs ilində ilk peşə ixtisas təhsili müəssisələrinə ümumilikdə 16895 nəfər qəbul planı müəyyən edilib. Həmin yerlərin 14190-ı dövlət vəsaiti hesabına, 2705-i ödənişli əsaslarla olub.

Hazırda Təhsil Nazirliyinin tabeliyində 106 peşə təhsili müəssisəsi, o cümlədən 45 peşə liseyi, 2 peşə tədris mərkəzi və 59 peşə məktəbi fəaliyyət göstərir. Peşə məktəblərindən 8-i cəzaçəkmə müəssisələrindədir. 2010-cu illə müqayisədə ötən il peşə təhsili müəssisəsinin sayı azalıb.

Belə ki, Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Sumqayıt 2 və 4 nömrəli peşə liseylərinin bazasında Sumqayıt 10 nömrəli peşə liseyi yaradılıb və 11 nömrəli Bakı peşə liseyi Azərbaycan Turizm İnstitutunun tərkibinə verilib.

Xəbər lenti

Xəbər lenti